00:00:00
Yazar
Admin User
14.09.2023 08:00 669 2 dəq oxuma
Sosial

YENİ DƏRS İLİ ÜÇÜN BİR ÇOX MƏKTƏBDƏ TƏMİR İŞLƏRİ YEKUNLAŞIB

YENİ DƏRS İLİ ÜÇÜN BİR ÇOX MƏKTƏBDƏ TƏMİR İŞLƏRİ YEKUNLAŞIB

  Yeni dərs ili üçün hazır vəziyyətə gətirilən məktəblər... Ölkə üzrə bir sıra məktəblərdə əsaslı təmir və tikinti işləri aparılıb. Bəzi məktəblərdə işlər hələ davam etsə də, demək olar yarıdan çoxunda işlər yekunlaşıb və yeni tədris ili üçün hazırdır. Hətta sentyabrın 15-də yeni fəaliyyətə başlayacaq məktəblər də var.

  Sentyabrın 15-i Abşeronda iki yeni məktəb istifadəyə veriləcək. Masazır kənd 6 nömrəli tam orta məktəbdə ilk bilik günü qeyd olunacaq, məktəbin tikintisi artıq tamamilə yekunlaşıb və istifadə üçün tam hazır vəziyyətdədir. 4 mərtəbəli təhsil ocağı 960 şagird tutumundadır. 40 sinif otağı ilə yanaşı, məktəb akt, oxu, idman zalları və yeməkxanadan ibarətdir. Məktəbə hazırlıq qrupları üçün xüsusi rəngbərəng otaqlarda hər bir şərait yaradılıb. Masalar boyalar, karandaşlar, boyama kitabları ilə bəzədilib.

  Bu il ilk dərs günü istifadəyə veriləcək digər təhsil ocağı isə Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdir. Yaxın günlərdə açılışı olan məktəb iki min şagird üçün nəzərdə tutulub. Abşeron-Xızı Regional Təhsil İdarəsinin mətbuat katibi Səbinə Məmmədova deyir ki, Abşeronda yeni məktəblərin istifadəyə verilməsində məqsəd sözügedən ərazidə şagird sıxlığının qarşısını almaqdır. 9 ümumtəhsil müəssisəsi yenidən qurulub, 4 ümumtəhsil müəssisəsi isə yenidən tikilib. “Abşeron ərazisində bildiyimiz kimi şagird sıxlığı müşahidə olunur və şagird sıxlığının aradan qaldırılması məqsədi ilə Saray qəsəbə 2 nömrəli tam orta məktəb yenidən tikilərək istifadəyə verilib, Xırdalan şəhər 11 nömrəli məktəb, Masazır kənd 6 nömrəli məktəb və hal-hazırda tikinti işləri davam edən Saray qəsəbə 1 nömrəli məktəb yenidən tikilib”.

 

 

 

   Paytaxt məktəblərinin bir çoxu isə yay tətili müddətində təmir olunaraq şagirdlərin istifadəsinə yenilənmiş vəziyyətdə veriləcək. Bunlardan biri 159 nömrəli məktəbdir. Təmir işləri yenicə yekunlaşan təhsil ocağı 1280 şagird tutumludur. Məktəbin direktoru Gülşən Novruzovanın sözlərinə görə, məktəbin sinif otaqları və dəhlizlərinin döşəmə örtükləri yenilənib, xarici və daxili divarlar boyanıb, eləcə də elektrik sistemləri və sanitar qovşaqlarda müəyyən təmir və bərpa işləri görülüb.

 

   İstifadəyə veriləcək və təmirdən çıxan məktəblərlə yanaşı, bu il şagirdlərini qarşılaya bilməyəcək təhsil müəssisələri də var. 151 nömrəli məktəbdə hazırda söküntü işləri gedir, məktəb binası qəzalı vəziyyətdə olduğu üçün tamamilə söküləcək və daha sonra yerində yeni məktəbin inşasına başlanılacaq. Şagirdlər isə bina istifadəyə verilənə qədər dərslərini 35 nömrəli təhsil ocağında davam etdirəcəklər. Yeni tikiləcək məktəb daha çox şagird sayı üçün nəzərdə tutulub.

  Qeyd edək ki, son 3 il ərzində ölkədə 275 yeni məktəb tikilib, qəzalı məktəblərin sayı 30 faiz azaldılaraq 654-ə endirilib. Sentyabrın 15-nə qədər 19, ilin sonunadək isə daha 8 məktəb istifadəyə veriləcək.

LAMİYƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər