00:00:00
Yazar
Elmira Ağayeva
27.05.2026 17:10 90 2 dəq oxuma
Sosial

Yeni kiberdələduzluq üsulu yayılıb-Telefonla “kömək” istəyib biometrik məlumatları ələ keçirirlər

Yeni kiberdələduzluq üsulu yayılıb-Telefonla “kömək” istəyib biometrik məlumatları ələ keçirirlər

 

Son dövrlər dünyada yeni kiberdələduzluq üsulu sürətlə yayılmağa başlayıb. Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq edir ki, dələduzlar ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan telefon vasitəsilə kömək istəyərək onların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında IT üzrə mütəxəssis Elvin Həsənov bildirir ki, dələduzlar əsasən insanların diqqətsizliyindən və “kömək etmək” hissindən istifadə edirlər:


“Məsələn, ictimai yerlərdə kimsə yaxınlaşıb “telefonum işləmir”, “kod gəlmir”, “kamera açılmır” kimi bəhanələrlə vətəndaşın telefonundan istifadə etməyə çalışır. Bu zaman insan fərqinə varmadan üz tanıma, səs yazısı və ya bank tətbiqlərinə giriş kimi təhlükəli əməliyyatlara şərait yarada bilir. Vətəndaşlar heç bir halda tanımadıqları şəxslərə telefonlarını tam nəzarətsiz verməməli, bank tətbiqlərini açmamalı, SMS təsdiq kodlarını paylaşmamalıdırlar. Eyni zamanda Face ID, barmaq izi və ikimərhələli təhlükəsizlik sistemləri aktiv olsa belə, diqqətli davranmaq vacibdir. Ən təhlükəsiz yol  tanımadığınız şəxsin telefon və ya şəxsi məlumatlarla bağlı istəyini nəzakətlə rədd etməkdir. Biometrik məlumatlar artıq rəqəmsal təhlükəsizliyin əsas hissəsinə çevrilib. Səs nümunəsi, üz görüntüsü və barmaq izi kimi məlumatlar ələ keçirilərsə, gələcəkdə çox ciddi problemlər yarana bilər. Məsələn, süni intellekt texnologiyalarından istifadə etməklə insanın səsini saxtalaşdırmaq, onun adından zəng etmək və ya bank sistemlərində səs identifikasiyasını keçmək mümkündür. Üz görüntüsü isə bəzi tətbiqlərdə şəxsiyyət təsdiqi üçün istifadə olunduğuna görə, saxta hesabların açılması və ya maliyyə əməliyyatlarının aparılması riskini artırır. Ən təhlükəli məqam isə budur ki, şifrə dəyişmək mümkündür, amma biometrik məlumat dəyişmir. Yəni bir dəfə ələ keçirilən üz və ya səs məlumatı uzunmüddətli təhlükə yarada bilər. Tanımadığınız şəxslər telefon, kamera, SMS kodu və ya bank tətbiqləri ilə bağlı kömək istəyirsə, ehtiyatlı olmaq lazımdır. Telefonu birbaşa qarşı tərəfə vermək, Face ID və ya barmaq izi ilə tətbiq açmaq qətiyyən olmaz. Yardım etmək lazım gələrsə, əməliyyatı özünüz edin və şəxsi məlumatlarınızı paylaşmayın”.

Ədilə Hüseynzadə

#Kiberdələduzluq #təhlükəsizlik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər