Yeni nəsil şəbəkə texnologiyası-5G texnologiyası nədir?
"5G beşinci nəsil simsiz rabitə şəbəkəsi kimi qəbul edilir. Beşinci nəsil də digər nəsillərlə müqayisədə binalara inteqrasiya oluna bilən daha kiçik baza stansiyaları istifadə olunur. Daha kiçik qovşaqlar sayəsində stabil əlaqə imkanı yaradır. 5G antenaları çoxlu qəbul və ötürmə xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyət baza stansiyaları vasitəsilə daha çox sayda cihazla əlaqə yaratmaq deməkdir".
Bu sözləri "informator.az"a açıqlamasında İT eksperti Bəhruz Əliyev söyləyib. Ekspert 5G texnologiyasının əvvəlki nəsil texnologiyalardan fərqindən də bəhs edib:
"5G texnologiyasını 4G şəbəkələrindən fərqləndirən ən mühüm fərq daha sürətli qoşulma və daha az gecikmədir. 5G, əşyaların interneti (IoT), süni intellekt, bulud əsaslı sistemlər, böyük emal tələb edən İT avadanlıqlara artan tələbatı və yeni nəsil texnologiyaların ehtiyaclarını ödəmək üçün hazırlanıb. 4G və əvvəlki rabitə şəbəkələri bu tələbləri ödəmək üçün kifayət deyil. 5G əvvəlki nəsillərlə müqayisədə sürət və tutum baxımından daha yüksək performans təklif edən simsiz şəbəkədir. 4G ilə 5G-nin bəzi texniki fərqlərini belə sıralaya bilərik. 5G-nin sürəti 4G-dən çox daha yüksəkdir. 4G-də maksimal sürət 1-2 Gbps civarındadır, 5G isə 10-20 Gbps-ə qədər çatır. 5G-də gecikmə daha aşağıdır, 4G-də bu göstərici 30-50 ms arasındadır, 5G-də isə 1 ms-ə qədər aşağı enir. 5G eyni anda daha çox cihazı dəstəkləyir, yəni 5G daha geniş qoşulma sıxlığı təklif edir. 4G-də bu sayı məhduddur. 5G texnologiyasının əvvəlki nəsildən müsbət fərqləri çoxdur. 5G baza stansiyaları cihazlara görə siqnal paylanmasını daha keyfiyyətli edir və əvvəlki nəsillərə nisbətən daha yüksək ötürmə qabiliyyətinə malikdir. Eyni zamanda ani olaraq bir-biri ilə danışmaq üçün ağıllı cihazlar arasında əlaqə yaratma qabiliyyətinə malik bir sistemdir".
Bəhruz Əliyevin sözlərinə görə, 5G ilə real vaxt rejimində işləri daha qusursuz görmək imkanı var:
"Ağıllı evlər, avtonom nəqliyyat vasitələri, mobil qurğular, evdə istifadə olunan elektron cihazların proqram vasitəsi ilə şəbəkə üzərindən insanlarla ünsiyyəti 5G ən yaxşı formada həyata keçirə bilir. 5G ilə yük dronları və tam avtonom nəqliyyat vasitələrinə real vaxt rejimində nəzarət etmək qüsursuz olaraq mümkündür. Səhiyyədə xəstələrin ani məlumatının ötürülməsi, uzaqdan izləmə, dünyanın bir nöqtəsindən digər nöqtədə olan əməliyyatları həyata keçirmə və xəstə məlumatlarının işlənmə sürəti kimi nümunələr əsas prioritetlər sırasındadır. Artıq həkimlər harda olmasından asılı olmayaraq, əməliyyat edə biləcək. Virtual reallıq, artırılmış reallıq və gələcəyin virtual dünyası metaverse 5G ilə inkişaf edən və güclənən texnologiyalar arasındadır".
Fatimə Abdulrəhimli