Yeni tədris ilinə son bir gün
Yeni dərs ilinin başlanmasına artıq son günlər qalıb. Maraqlıdır, görəsən, tələbələrdə yeni dərs ili bağlı vəziyyət necədir? Bu haqda İnformator.az saytı bir neçə tələbə arasında sorğu keçirib. Tələbələrə yeni dərs ilindən gözləntilərini, hədəflərinin nələr olduğunu soruşduq.
Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat ikinci kurs tələbəsi Əfəndiyeva Ağabəyim:
"Sevdiyim təhsil ocağına yay tətilindən sonra ilk dəfə yenidən ayaq basacam. Həyəcanlıyam, eyni 1-ci kursdakı kimi. Bütün əşyalarımı, kitablarımı hazırlamışam. Artıq SABAH olduğum üçün yeni qrup yoldaşları və müəllimlərlə tanış olacam. Ümid edirəm ki, daha da özümü inkişaf etdirə biləcəm. Bir də müəllimlər daha ədalətli olsun istərdim. Ötən semestrdən daha aktiv olmaq istəyirəm və optimist insan olub, daha bacarıqlı tələbə olmaq istəyirəm."
Azərbaycan Dillər Universitetindən beynəlxalq jurnalistika dördüncü kurs tələbəsi Firuzə Məlikzadə:
"Yeni dərs ilinə hazır deyiləm, çünki tətilin qısa müddətli olduğunu düşünürəm. İmtahanlarımız iyunda bitir və bizim tətil üçün cəmi 2 ayımız olur. Bu 2 aya çox şey sığdırmaq uyğun olmur. Ona görə bir az gec başlamasını istərdim. Universitetdən çox gözləntim yoxdur, əslində. Sadəcə universitetlə bağlı beynimdə müəyyən layihələr var və onları yerinə yetirmək istəyirəm. Hədəflərim isə müxtəlifdir. Jurnalistika ixtisasında oxuduğum üçün bu sahədə daha çox təcrübə toplayaraq bu il bir media qurumunda çalışmaq istəyirəm. Hər bir insanın hədəfi olmalıdır, mənim də hədəflərim çoxdur və onların hər birini demək istəmirəm. Onlara çatmaq üçün səylə çalışacağımı düşünürəm".
Azərbaycan Dövlət Pedaqoji Universitetindən Təhsildə sosial-psixoloji xidmət ixtisasının dördüncü kurs tələbəsi İsmayılova Əntiqə:
"Bəli, hazıram. Korpusumuzun deyişdirilmesi və genişləndirilməsini istəyirəm. Hədəfim isə bu ili əlaçılıqla başa vurmaqdır".
Bakı Dövlət Universitetindən psixologiya fakültəsinin 4. kurs tələbəsi Hidayətova Günel:
"Bəli, hazıram. Daha verimli dərslərin keçirilməsi və praktikaya önəm verilməsini istəyirəm. Hədəfim isə daha çox əlavə məlumatlar əldə etməyim və ixtisasımla bağlı daha çox materiallara yiyələnməyimdir".
Yeni tədris ilində bütün tələbələrə bol uğurlar arzu edirik!
Məryəm Məmmədova
