YENİ TƏMİR OLUNAN YOL ÇÖKDÜ
Yeni təmir olunan yolda asfalt çökdü, avtomobillərin hərəkətinə çətinlik yarandı. Mövcud problem səbəbindən ərazidə bir neçə dəfə qəza baş verdiyi də deyilir.
Öz yolundan keçə bilmədiyi üçün əks yoldan gələn avtomobillə üz-üzə gələnlər, yolunu dəyişdiyi üçün təhlükəli vəziyyətə düşənlər... Xaotik vəziyyətin yarandığı bu ünvan - Sumqayıt şəhəri, Koroğlu prospektidir. Ərazidə yaşayan və işləyənlər bir neçə ay əvvəl yolun təmir edildiyini, amma qısa müddət sonra çökdüyünü deyirlər. Çöküntünün üstü qapadılsa da, problem aradan qalxmayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Eyvaz Qocayevin sözlərinə görə, yol yeraltı kommunikasiya xətləri səbəbindən çöküb. “Çökmə olan yolda ilkin bərkitmə işləri aparılıb. Problemin bir dəfəlik aradan qaldırılması üçün aidiyyatı qurumlar yaxın günlərdə kompleks tədbirlər görəcək. Bundan sonra yolda asfaltlanma işləri aparılacaq”. Görünür, problem həll olunana qədər yoldan istifadə edənlər təhlükəli və xaotik vəziyyətlə üz-üzə qalmaqda davam edəcəklər.
NƏRGİZ
