“Yenidən auditoriyalara qayıdacam" İradə İsak
İnformator.az saytının budəfəki qonağı tanınmış jurnalist İradə İsaqdır.
İradə xanım jurnalistika təcrübəniz harada və nə zaman başladı?
Mən Bakı Dövlət Universitetinin bakalavr, magistr və aspirantura (indiki doktorantura) təhsilini qurtarmışam. Elə o vaxtdan televiziyalarda çalışmağa başladım. 18 yaşımdan etibarən qəzetlərdə (“Ədalət”), Aztv-də çalışdım.
İlk jurnalistika təəssüratlarınız xatirənizdə necə qalıb?
Yadımdadır ki, ilk dəfə Qulu müəllimi, Aqil Abbası, Mirşahini görəndə müşahidə edirdim ki, onlar, demək olar ki, oturub yazmırdılar. Həmişə Aqil Abbas deyirdi, Mehriban xanım var idi, o da avtomatik şəkildə yazırdı. Mən də düşünürdüm ki, jurnalist qələm əlinə almır, məqalə yazır, yaxud özü yazmır, başqasına yazdırır. Mən də nə zamansa belə ola bilərəmmi? Mən də nə zamansa qələm əlimə almadan, daha sərbəst şəkildə Mirşahin kimi fikirlərimi yaza-tökə bilərəmmi? Sonra başa düşdüm ki, bu, zamanla, təcrübə ilə mümkündür. Əlinə qələm almadan diktə də edə bilirsən, yaza da bilirsən. Mənim üçün ağır bir iş kimi görünürdü kameranın qarşısında dayanmadan, sərbəst şəkildə danışmaq. İndi çox sərbəst şəkildə danışıram.
Jurnalistikada özünüzü necə inkişaf etdirmisiniz?
Çox yaxşı sualdır. Bəlkə də mənim cavabım gənc jurnalistlərə örnək olacaq. Jurnalistikada mütləq özünü inkişaf etdirməlisən. Əsas jurnalistin intellekti olmalıdır, dünyada baş verən hadisələrdən xəbərdar olmalıdır. Jurnalist ədəbi şəxs, yaxud tarixi şəxs haqda konkret keçmişdən nəsə bir yazı hazırlayırsa belə, mütləq bu gündən, dünyada baş verənlərdən xəbərdar olmalıdır. Televiziya jurnalistinin gərək yaxşı diksiyası, görünüşü olsun. Zəif, savadsız jurnalist çox gülməli görünür, eybəcər bir şeydir və doğru deyil. Bizim sahəmiz söz sahəsi, xəbər sahəsi olduğu üçün xəbər sahəsində çalışmasaq belə, həm ədəbi biliklərimizi, həm tarixi biliklərimizi, gündəmi, dünyada baş verən gündəmi, məsələn, ölkə prezidentlərinin, baş nazirlərin adlarını bilmək, onların səfərlərindən agah olmaq, ölkəmizlə əlaqələrini bilmək çox vacibdir. Düşünürəm ki, jurnalist daha gözəl nitqə sahib olmalıdır. Jurnalistin mütləq qələmi olmalıdır. Məsələn, mən qələmdən, qəzetdən televiziyaya getmişəm. Mən çox çalışmışam, “Həftəiçi”, “Ədalət” qəzetində daha çox çalışmışam və oradan başlamışam. Ona görə də bizim sözümüzlə yanaşı, qələmimiz də olub. Jurnalist çox oxumalıdır, gündəmi bilməlidir, mütləq müsahibəyə hazırlaşmalıdır, müsahibədə müsahibi qədər mövzudan, müsahibin həyatından məlumatlı olmalıdır.
Bildiyimi qədərilə karyeranızın əhəmiyyətli hissəsi televiziya ilə bağlıdır. Televiziyada hansı layihənizi ən uğurlu hesab edirsiniz?
Mənim televiziyada bir çox uğurlu layihələrim olub. Ən yaddanqalan, məni məşhurlaşdıran “Ölümündən 24 saat əvvəl” proqramı olub. Və ilk buraxılışı dəyərli sənətkarımız, müğənnimiz Səxavət Məmmədov səsləndirib. Gözəl insan, gözəl müğənni, yaxşı ailə başçısı, nümuməvi insan. Allah rəhmət eləsin ona. Proqram böyük səs-küy doğurdu. O veriliş Azərbaycan televiziyasında gedən ənənəvi portret proqramlardan biridir. Amma mənə sonra o veriliş etibar edildi ki, heç reytinqi yoxdur, çox az baxılır. Buna baxmayaraq ki, Yeganə Təlimzadə hazırlayırdı, mən baxmışdım, çox da maraqlı hazırlayırdı. Amma gündəmə uyğun deyildi. Mən sonra düşündüm, özümdən yeni elementlər əlavə etdim, oturdum baxmağa, fikirləşdim ki, mən tamaşaçı kimi bu verilişdə nəyi bilmək istəyərəm. Səxavət Məmmədov müğənnidir. Mən onun haqqında tamaşaçı kimi nəyi bilmək istəyərəm. Məsələn, anamdan soruşdum, dedi ki, o vaxt belə bir şaiyə yaranmaşdı ki, evlənib, Bəxtiyar onun oğludur, bəs digər oğlu haradadır. Baxdım ki, insanların bilmək istədikləri nə qədər suallar var. Mən o məsələlərin dalınca getdim. İnsanların həyatını, bilinməyən tərəfləri, qeyri-adi kadrları, hətta bir çox televiziyalarda cəsarət edilib deyilməyən gerçəkləri, məsələn, Ziya Bünyadovun, Rəşid Behbudovun ölümündə bir çox faktları, İlham və Fərizənin toy kadrlarını ilk dəfə mən efirə vermişdim. Çingiz Mustafayevin anası Naxış xanım məni çağırdı və dedi ki, istəyirəm İradə, bunu məhz sən verəsən efirə. Mən yeganə bu kadrı, Çingizin özü çəkdiyi ölüm kadrını efirə verdim. Mənim verilişimdən sonra o kadr artıq çox getməyə başladı, anası ona baxanda çox pis olurdu. Elə İlham və Fərizənin toy kadrını da qardaşı mənə vermişdi. Bir çox insanlar başladılar mənə inanmağa. Və bu layihə çox səs-küyə səbəb oldu. Daha sonra mənim “Düz üzünə” layihəm böyük səs-küyə səbəb oldu. Ayrı-ayrı verilişlərim var, buna görə hələ də tamaşaçılar, eyni zamanda jurnalistlər Zamin Hacı, Könül Arif qızı mənə xüsusi təşəkkür edib. “Səbəbkar” verilişim var idi, o verilişim Şahmarlı Kürdoğluya həsr olunmuşdu. Unudulmuş, amma çox sevilən xanəndə idi. Unudulmuş insanları daha çox gündəmə gətirirdim. “Səbəbkar” verilişimdə bir müddət sonra başladım, sağ və unudulmuş insanları gündəmə gətirməyə. Bir çox verilişlərə ideyalar verdim. İctimai televiziyada da bir neçə layihəm olmuşdu. Topal Teymurla bağlı tarixi filmim efirə getmişdi. Böyük marağa səbəb olmuşdu. Azərbaycanlı verilişim var idi, Heydər Əliyev və azsaylı xalqlar.
İndi heç bir televiziya kanalında sizi görmürük. Bunun səbəbi maraqlıdır. Sizdən qaynaqlanır, yoxsa televiziyalardan?
Birdən-birə hər şey həyatımda dayandı. ANS bağlandı və mənim üçün başqa televiziyalarda çalışmaq çox çətin oldu. ANS başqa cür mühit idi, demokratiya, rahatlıq var idi. Rəhbərlik deyirdi ki, mütləq maraqlı faktları anonslara verin, qoyun səslənsin, tarixdə bilinməyən şeyləri insanlar bilsin. Digır kanallarda isə mən əksini görürdüm. Bir çox aparıcı digər televiziyalarda çalışmağa başladılar. Məni də dəvət etdilər, hətta bu günə qədər də dəvət edirlər. Bəzən maaşları qənaətbəxş olmayıb, yəni biz ANS-də çox yüksək əməkhaqqı alırdıq. Sonra pandemiya oldu, mənim qızım dünyaya gəldi. Mən oğlum olanda çox çalışmışdım. Oğluma anam baxırdı, həmişə vicdan əzabı çəkirdim ki, oğlumu özüm böyütmədim. Vaxtım olmurdu, gecə saat 12-də gəlirdim, montajdan, çəkilişdən, rayonlardan. Sonra artıq qızım olanda dedim, artıq bu səhvi etməyəcəm, onu özüm böyüdəcəm. İndi 3 yaşı tamam olub, bağçaya qoymağı düşünürük. Bəlkə, bu gündən sonra nəsə fikirləşə bilərəm. Amma yenə də fikirləşmirəm, çünki televiziyaların düşdüyü indiki vəziyyət heç də yaxşı deyil. Hələ televiziyada görünənlər tamaşaçıları qane etmir, görün, onun mətbəxi, münasibətləri necədir. Televiziya da bir kollektiv məhsuludur. Televiziyadakı soyuq, başdansovdu münasibət, bir çox keyfiyyətsiz verilişlərin üzə çıxması, ucuz reytinq dalınca qaçmalar-belə şeylərdən özümü qorumaq istəyirəm. Çünki bir imza sahibiyəm, mən onu aparıb hansısa ucuz reytinqlərə qurban verə bilmərəm. Yaxud da onu çıxart, bunu çıxart sistemində olmamışam. Ona görə də hələki üstünlük verməmişəm. Bəlkə də, yaxşı bir mühiti olan, yaxşı bir əməkhaqqısı olan bir iş olsa, çalışaram, yəni adıma, imzama uyğun.
İndiki dövrümüzdə televiziyaların vəziyyətini müsbət və mənfi mənada necə qiymətləndirirsiniz?
Təəssüf, bir çox kadrlarda ucuz reytinq dalınca qaçmalar çoxdur. Mən peşəkar şəkildə çəkiliş, rejissor, diksiya səhvləri, intellektual əskikliklər görürəm. Televiziya aparıcılarımızın çox azı hazırlıqlıdır. Məsələn, Könül Arif qızının layihəsini bəyənirəm. İctimai televiziya bir balaca öz sükanını yaxşı aparmağa çalışır. Amma orada da bir çox verilişlər sıxıcı çəkilir. Biz Türkiyədə bir çox ciddi verilişlərə çox maraqla baxırıq. Ciddi veriliş sıxıcı, maraqsız olmalıdır deyə bir şey yoxdur. Orada tamaşaçının, xalqın sualını görmürəm. Ona görə də tamaşaçı sualı olmayan bir çox layihələrə baxa bilmirəm. Azərbaycan televiziyasında bir araşdırma verilişinə baxmışam. Amma müəllifin adını unutmuşam. O çox yaxşı idi, çox maraqlı idi.
Bir müddət müxtəlif peşə sahiblərinə nitq dərsləri verirdiniz. İndi də bu dərslər davam edirmi?
Bəli, uzun zamandır, nitq dərsləri verirəm. Mən 2005-ci ildən, 25 yaşımdan BDU-da dərs demişəm. Öz tələbələrimlə aramda 3-5 yaş var idi. Zamanla artıq nitq dərsləri ilə məşğul olmağa başladım. Bir çox tələbələrim var. Jurnalistika ilə bağlı Azərbaycanda bir çox aparıcıların yetişməsində böyük rolum var. Onlar qənimətlər məzunlarıdır və fəxrlə onları öz səhifələrimdə qeyd edirəm, deyirəm. Nə yaxşı ki, mən bu sənətə gəlmişəm. Düzdür, artıq aktiv fəaliyyət göstərməsəm də, pedaqoq kimi, nitq müəllimi kimi, jurnalistika xəbəri necə hazırlanmalıdır, veriliş necə hazırlanmalıdır, layihə necə yazılmalıdır, ssneari necə yazılmalıdır-bunların hamısını tədris edirəm. Elə bayaq bir dərsi bitirdim. Bakı Ali Neft Məktəbinin 650 bal yığan bir tələbəsi və mənim oğlum Elnur ilə dərsi bitirdik. Hazırda psixoloq İlahə xanıma dərs deyirəm. BDU-nun Jurnalistika fakültəsinə qabiliyyət imtahanı üçün uşaqları hazırlayıram. İşləyən insan işləyir, dayana bilmir. Evdə də olsam, fəaliyyətimi belə davam etdirirəm. Hələ ki online dərslər keçirəm, qızıma görə. Bir müddət sonra yəqin ki yenidən auditoriyalara qayıdacam.
Sayad Qoşnalıyeva
