Yeniləri ilə əvəz olunmayan köhnə avtobuslar
Gündəlik həyatın, Bakı nəqliyyatının önəmli hissələrindən biri sərnişindaşıma avtobusları olsa da, hazırda Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Təbii ki, təmirsiz, tez-tez texniki problemlərin baş verdiyi avtobuslar əhalinin narazılığına səbəb olur.
Bəs, niyə bu avtobuslar yeni tipli avtobuslarla dəyişdirilmir?
İnformator.az sözügedən məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən açıqlama alıb.
Agentliyin açıqlamasında qeyd edilir ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi diqqət mərkəzindədir. Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı konkret tapşırıqlar qoyulur:
"İstismarda olan nəqliyyat vasitələri müasir tələblərə cavab verməsə də, böyük əksəriyyəti saz vəziyyətdədir. Qeyd edək ki, Bakı şəhərinin “rəqəmsal əkiz”i yaradılıb. Əhalinin gündəlik axınını müşahidə etməyə və nəqliyyata olan tələbin hesablanmasına imkan yaradan bu proqram təminatı nəqliyyatla bağlı veriləcək istənilən qərarın təsirini proqnozlaşdırmağa kömək edir. Proqram təminatı üzərindən təhlillər aparılmaqla marşrutların optimallaşdırması istiqamətində qərarlar verilir".
Açıqlamada vurğulanır ki, avtobuslar sahibkarlara məxsusdur:
"Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.
Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər".
Sərnişinlərin şikayət etdiyi məsələlərdən biri də budur ki, bəzi avtobus sürücüləri yol hərəkəti qaydalarına riayət etmir, sürət normalarını keçir, sərnişinlərin həyatı üçün təhlükə yaradır, bəzən kobud, nalayiq sözlərdən istifadə edirlər. Bəs, sürücülərə hansı xəbərdarlıqlar edilir? Onlar hansı testlərdən keçirlər? AYNA bu barədə də suallarımızı cavablayıb:
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılara xəbərdarlıq olunaraq sürücülərin yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi və sürücü heyətinin mütəmadi təlimatlandırılması barədə tapşırıqlar verilir. Həmçinin AYNA-nın nəzdində Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzdə sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərə cəlb olunurlar".
Əlavə edilir ki, hazırda AYNA tərəfindən “1000 yeni avtobus sürücüsü” layihəsi reallaşdırılır. İştirakçılara avtobusların idarə edilməsi, təhlükəsizlik tədbirləri və sərnişinlərə keyfiyyətli xidmət göstərilməsi mövzuları aşılanır. Praktiki məşğələlər isə mürəkkəb şəraitdə avtobusları idarə etmək təcrübəsinin inkişaf etdirilməsinə imkan verir.
Nəzrin Mirzəyeva
