00:00:00
Yazar
Elmira Ağayeva
09.07.2026 21:06 26 2 dəq oxuma
Sosial

Yeniyetməni cəzalandırmaq yox, dinləmək lazımdır”-Psixoloqdan Açıqlama

“Yeniyetməni cəzalandırmaq yox, dinləmək lazımdır”-Psixoloqdan Açıqlama

Yeniyetmələr arasında aqressiv davranışların artması son illər cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, sosial şəbəkələr, zorakılıq məzmunlu oyunlar və ailədaxili münasibətlər bu davranışların formalaşmasına birbaşa təsir göstərən əsas amillər sırasındadır. Bəs yeniyetmə aqressiyasını həqiqətən nə qidalandırır və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?



Mövzu ilə bağlı psixoloq Nizami Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, son illər yeniyetmələr arasında aqressiv davranışların daha çox görünməsi təsadüfi deyil:

 


“Bunun tək bir səbəbi yoxdur. Yeniyetməlik özü emosional baxımdan həssas bir dövrdür. İnsan həm özünü tanımağa çalışır, həm də qəbul olunmaq istəyir. Bu dövrdə ailədaxili gərginlik, valideynlərlə ünsiyyət problemləri, məktəb təzyiqi, gələcəklə bağlı narahatlıq və emosiyaları ifadə etməyi bacarmamaq aqressiyanın artmasına səbəb ola bilər. Bəzən yeniyetmə qəzəbli görünür, amma əslində o, anlaşılmadığını, dəyərsiz hiss etdiyini və ya daxilindəki gərginliyi idarə edə bilmədiyini göstərir.Sosial şəbəkələrin təsiri də danılmazdır. Yeniyetmələr günün böyük hissəsini virtual mühitdə keçirirlər və orada gördükləri davranışları normal qəbul etməyə başlaya bilirlər. Davamlı müqayisə, bəyənilmə ehtiyacı, təhqir və kiberzorakılıq, eləcə də aqressiv məzmunlarla tez-tez qarşılaşmaq onların emosional vəziyyətinə təsir edir. Bundan başqa, qısa və sürətli məzmunlara alışmaq səbirsizliyi və impulsiv reaksiyaları da gücləndirə bilər.
Eyni zamanda, hər sosial media istifadəçisi aqressiv olmur və hər oyun oynayan yeniyetmə zorakı davranış göstərmir. Əsas məsələ uşağın ailədə gördüyü münasibət, emosional dəstək alıb-almaması, sərhədlərin necə qoyulması və boş vaxtını necə keçirməsidir”.

 


Psixoloq qeyd edib ki, yeniyetmə aqressiyasının qarşısını almaq üçün ilk növbədə onu yalnız cəzalandırmaq yox, dinləmək lazımdır:

 


“Valideyn və müəllim yeniyetmənin nə hiss etdiyini anlamağa çalışmalı, onunla açıq ünsiyyət qurmalı və emosiyalarını sağlam şəkildə ifadə etməyi öyrətməlidir. İdman, yaradıcılıq fəaliyyətləri, sosial dəstək və ailə daxilində təhlükəsiz münasibət mühiti də aqressiyanın azalmasına kömək edir.
Qısacası, aqressiya çox vaxt yeniyetmənin içində yığılan gərginliyin, qorxunun və ya anlaşılmamaq hissinin ifadəsidir. Ona görə də problemin kökünə enmək, emosional ehtiyacları görmək və sağlam ünsiyyət qurmaq ən vacib addımlardandır”.

 

Nuray Əliyeva

#Sosialmedia #yeniyetmələr #aqressiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər