Yeraltı və yerüstü keçidlər
Paytaxtda insan üzünə həsrət qalan yerüstü piyada keçidləri arasında bəlkə də ən çox diqqət çəkəni Ukrayna dairəsində tikilib.
İnformator.az xəbər verir ki, 2020-ci ilin yayında istifadəyə verilən keçid xüsusi memarlıq üslubu ilə diqqət çəkir. Amma görünən mənzərə odur ki, bahalı görünüşü ilə belə özünü piyadalara sevdirə bilmir.
Eyni zamanda, piyadavurmaların da sayı azalmaq bilmir. Təbii ki, bu cür qəzalarda zərərçəkən təkcə piyadalar olmur. Sürücülərin də həyatı dəyişir. Bəs axı sözügedən keçidlər bu kimi halların qarşısını almağa hesablanıb. Niyə funksiyasının öhdəsindən gələ bilmir?
Məsələ ilə bağlı Nəqliyyat üzrə ekspert Anar Şükürov açıqlamasında deyir ki, burada əsas məqsəd küçədən daha çox insanın keçməsinə şərait yaratmaqdır.
“Yəni daha çox avtomobil deyil, biz bunu insan üzərindən hesablamalıyıq, insanyönümlü etməliyik. Bunu nəzərə alsaq, şəhərin mərkəzi hissəsinə, əhalinin sıx toplaşdığı yerə yaxınlaşdıqca, biz eynisəviyyəli piyada keçidlərə üstünlük verməliyik. Hal belə olduqda da yerüstü keçidlər elə də çox istifadə edilmir”.
Bakıda yerüstü keçidlərin salınmasında məqsədin, piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, sıxlıq müşahidə olunan yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinə maneəni aradan qaldırmaqdı deyilir.
Bərabərsəviyyəli keçidlərin isə Bakı kimi tıxaclar şəhərində vəziyyəti bir qədər də qəlizləşdirə biləcəyi proqnozlaşdırılır. Gələcəkdə bu işlərin necə tənzimlənəcəyi gələcəyin məsələsidi. Mövcud infrastrukturdan isə funksiyasına uyğun istifadə etmək lazımdı. Həm özünün, həm digərlərinin həyatını təhlükəyə atmamaq naminə.
Gündüz Vaqifoğlu
