"Yerli turistlərin daxilə olan marağı artırılmalıdır"
Pandemiya dövründə böyük bir durğunluq yaşanan turizm sektorunda ilk dəfədir ki, nəzərə çarpacaq dərəcədə canlanma müşahidə edilir. Ən çox da bölgə turizmində. Hazırkı statistik rəqəmlər bunu deməyə əsas verir.
Sonuncu dəfə yerli turizm sektorunda ən yaxşı göstərici pandemiyadan öncə müşahidə edilib. Bir ildə nə az, nə çox - 3 milyon 200 min əcnəbi istirahətini Azərbaycanda edib. Amma sonradan virusun yayılması ilə rəqəmlər 4 dəfə azalıb. 2022-ci ilin ikinci rübündən isə vəziyyət müsbətə doğru tədricən dəyişməyə başlayıb. Pandemiyadan sonra ilk dəfədir ki, bir ildə xarici turistlərin sayı 25 faiz artıb. İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, ötən il ölkəyə 1.6 milyon turist gəlib, bu turistlərin böyük əksəriyyəti ilin ikinci yarısına təsadüf edir. “2023-cü ilin birinci yarısında ölkəyə artıq bir milyona yaxın turist gəlib. Bu o deməkdir ki, il sonuna qədər azı iki milyon turistin ölkəyə gəlişi ilə bağlı bir rəqəm söyləyə biləcəyik. Ötən il 1.6 milyon bu il isə 2 milyon”.
İstirahət üçün xarici ölkələrə üstünlük verən azərbaycanlıların sayı 20 faiz artb. Ekspertlər deyir ki, gələnlərlə gedənlər arasında faiz göstəricisinin belə böyük olmaması turizm sahəsində istənilən nəticənin hələ də əldə edilmədiyindən xəbər verir. İqtisadçı ekspert Xalid Kərimli deyir ki, Gürcüstanla müqayisə etdikdə dəfələrlə geridə qaldığımızı müşahidə edərik. “Yəni ölkədə turizm bərpa olunur. Yeddi aylıq nəticəyə əsaslansaq, ölkədə pandemiyadan sonra turizm bərpa olunur, amma hədəflədiyimiz qeyri-neft sektorunun inkişaf istiqaməti kimi turizm hələ öz potensiyalından çox geridədir. Hələ görülməli işlər çoxdur”.
Mütəxəssislərin fikrincə, bu sahədə ciddi dönüş yaratmaq üçün ilk növbədə yerli turistlərin daxilə olan marağını artırmaq lazımdır. Çünki, xaricə üz tutan hər bir nəfər maliyə itkisi deməkdir. Ekspertlərin proqnozlarına görə, işğaldan azad edilən şəhər və rayonlarda tikinti-quruculuq işləri başa çatandan sonra həmin ərazilər də turizm sahəsinə təkan verəcək. Başqa sözlə desək, yeni rəqabət mühiti formalaşacaq. Bu da bu sahədən gözlənilən nəticəni əldə etməyə imkan yaradacaq.
GÜNDÜZ
