Yevgeni Kukseviç “Araz-Naxçıvan” və Azərbaycan millisindən ayrılıb
Yevgeni Kukseviç futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın baş məşqçi postundan ayrılıb. “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqovun sözlərinə görə, klub yeni mövsümdə legionerlərin sayını azaldaraq daha çox milli komandanın oyunçularına üstünlük verməyi planlaşdırır və Kukseviçlə yolların ayrılmasının səbəblərindən biri də budur. Eyni zamanda, AFFA İcraiyyə Komitəsi onun milli komandaya namizədliyini təsdiqləməyib. Klubda yeni baş məşqçinin yaxın 10 gün ərzində müəyyənləşəcəyi bildirilib.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev İnformator.az”a açıqlamasında bildirib ki, yetərincə mütəxəssislərimiz var və onlara da şans verilməlidir:
“Evgeni Kukseviç təcrübəli mütəxəssisdir. İlin əvvəlindən, təxminən bir il yarım Azərbaycan yığmasına və “Araz-Naxçıvan” klubuna baş məşqçi təyin olunmuşdu. Fəaliyyətinin xüsusilə uğursuz və ya xüsusilə uğurlu alındığını deməzdim, yəni qeyd olunacaq hər hansı bir nəticəyə imza atmadı. Həm 'Araz-Naxçıvan'da, həm də Azərbaycan milli komandasında müəyyən sistem formalaşdırmağa çalışdı. Düşünürəm ki, həmin effekti və görüntünü vermədiyi üçün milli komanda və klub onunla yolları ayırmaq qərarına gəldi. Bu prosesin belə getməsini təbii qarşılamaq lazımdır. Çünki mənə olan məlumata görə, futzal federasiyasında dəyişikliklər gözlənilir. Hətta federasiyanın komitəyə çevrilməsi, yəni əhatəsinin azaldılması nəzərdə tutulur. Belə olan halda çoxsaylı əcnəbi oyunçulara və məşqçilərə xərc çəkməyə ehtiyac qalmaya bilər. Yəni yerli həm oyunçu, həm də məşqçilərlə yola davam edilməsi qərarı qəbul edilə bilər. Bu da xərclərin azaldılması və yerli kadrlar üçün şans yaradılması baxımından əhəmiyyətli addım sayıla bilər.
“Araz-Naxçıvan” həmişə Azərbaycan futzalının lider komandası olub və bu cür də davam edir. Əgər milli komandada bu proses başlanıbsa, “Araz-Naxçıvan”da da bunun eynilə davam etdirilməsi normaldır və bunu normal qarşılamaq lazımdır. Kukseviç normal məşqçi idi, amma düşünürəm ki, Azərbaycanda da həmin nəticələri əldə edə biləcək, işi bu formada davam etdirə biləcək yetərincə mütəxəssislərimiz var və onlara da şans verilməlidir”.
Samirə Allahverdizadə