Yığmamız Avropa Çempionatına yollanır
"Azərbaycan Cüdo Federasiyasında işlər modern beynəlxalq səviyyədə qurulub. Bunu çoxsaylı faktlar, yəni dünya və Avropa çempionatlarında, "Böyük Dəbilqə", "Qran-pri"lərdə əldə olunan nəticələr sübut edir".
Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Paris yay Olimpiya oyunlarında qazanılan 2 qızıl medal isə idman salnaməmizin parlaq səhifəsidir:
"Uğurun davamlı olmasını şərtləndirən başlıca amil isə layiqli ehtiyat qüvvənin hazırlanmasıdır ki, bu yöndə də ACF-nin fəaliyyəti təqdirəlayıqdir. Gənc tatami ustalarımız da öz növbəsində qitə və dünya birinciliklərində yüksək nəticələr qazanırlar. Bu müsbət tendensiyanın Bratislava yarışlarında da davam edəcəyini düşünürəm. Milli komandaya cəlb olunmuş cüdoçuların hər biri bunu haqq edib. Ad çəkmədən hər birinin öz çəki dərəcəsində fərqlənmək gücündə olduğu qənaətindəyəm. Komanda yarışı xaraktercə fərqli ola bilir. Məncə, gənc cüdoçularımız bu mübarizədə də onlara bəslənən ümidləri doğruldacaqlar".
Zəhra Möhübbətova
