Yəmən humanitar fəlakətlə üz-üzədir
BMT-nin humanitar yardım üzrə rəsmisi Stefen O`Braiyen Yəmənin humanitar fəlakətlə üz-üzə qaldığı barədə xəbərdarlıq edib.
İnformator.az-ın \"PressTV\"yə istinadən xəbər verir ki, BMT rəsmisi Yəməndəki münaqişə tərəflərini humanitar yardımların çatdırılması üçün dəhlizin açılmasına şərait yaratmağa çağırıb.
O`Braiyen ötən gün BMT Təhlükəsizlik Şurasının toplantısındakı çıxışında bildirib ki, Yəməndə hərbi qarşıdurmalarda iştirak edən tərəflər bütün mülki şəxs və obyektləri, humanitar yardım əməkdaşlarını, tibb işçilərini və səhiyyə obyektlərini qorumaq məsuliyyəti daşıyır.
Onun sözlərinə əsasən, hazırda ən azı 7.6 milyon yəmənli aclıq təhlükəsi ilə üz-üzədir, eləcə də ölkədə 1170 məktəb, 600 tibb mərkəzi bombardmanlar nəticəsində yararsız hala düşüb, 3.4 milyon uşaq təhsil almaqdan məhrum olub.
BMT rəsmisi Yəməndəki münaqişə tərəflərini ölkənin bütün istiqamətlərində humanitar yardım karvanlarına yol verməyə çağırıb və qeyd edib ki, humanitar yardım əməkdaşları ölkənin şimalında - Səudiyyə Ərəbistanının intensiv hava zərbələri endirdiyi bölgələrdə daha çox təhlükə ilə üzləşirlər.
