“Yod çatışmazlığı zobun səbəblərindən biridir” – ŞƏRH
Yod qalxanabənzər vəzin normal fəaliyyət göstərməsi üçün vacib elementlərdən biridir. Yod çatışmazlığı zamanı qalxanabənzər vəzin daha çox işləməsi onun böyüməsinə səbəb ola bilər.
Mövzu ilə bağlı həkim-endokrinoloq Natavan Şərifova “İnformator.az”a açıqlamasında bildirib ki, zob dedikdə ümumiyyətlə qalxanabənzər vəzin böyüməsi başa düşülür:
“Qalxanabənzər vəzin böyüməsinin bir neçə səbəbləri var və böyümə də özlüyündə bir neçə cür ola bilər. Vəzin diffuz böyüməsi ola bilər, düyünlü zob ola bilər, tiroid vəzin adenoması ola bilər”.
Həkim-endokrinoloq tiroid vəzin adenomasının səbəbləri açıqlayıb:
“İlk olaraq, səbəblərdən biri yod çatışmazlığıdır. Qalxanabənzər vəzin, yəni tiroidin normal fəaliyyət göstərməsi üçün lazım olan elementlərdən biri də, ən vaciblərindən biri də yod elementidir. Yod çatışmazlıqda qalxanabənzər vəzi əmələ gətirəcəyi hormonların normada qalmasını təmin etmək üçün daha çox işləməyə, fəaliyyət göstərməyə məruz qalır və bundan da onun diffuz böyüməsi, hipertrofiyası baş verir”.
Həkim qeyd edib ki, qalxanabənzər vəzin fəaliyyətinin azalması nəticəsində qana ifraz olunan tiroid hormonlarının ifrazı da azalır:
“Bu zaman hormonların çatışmazlığı baş verir. Qalxanabənzər vəzin hormonları bütün orqanizmdə mübadilə proseslərinə təsir etdiyinə görə onların qanda normal olması labüddür. Hormonlar çatışmadıqda isə hormonal testlər götürülür. Çatışmazlığın dərəcəsi müəyyən edilir və ondan sonra orqanizmin çəkisinə, yaşına, cinsə uyğun olaraq dozalanaraq hormon təyin olunur. Hormonal terapiya adətən ömürlükdür. Vaxtaşırı da dozanın titrasiyası aparılmalıdır”.
Natavan Şərifova yod çatışmazlığının əsasən endemik xəstəlik olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda Qax, Şəki və Zaqatala bölgələri endemik bölgə sayılır:
“Yod çatışmazlığı nəticəsində həmin ərazilərdə yaşayan əhalidə adətən hipotireoz inkişaf edir və tiroid vəzinin diffuz böyüməsi daha çox həmin regionlarda yaşayan əhalidə aşkar olunur”.
Həkim Azərbaycanda yod çatışmazlığının qarşısının alınması üçün duzların yodlaşdırıldığını bildirib:
“Azərbaycan Respublikasında yod çatışmazlığının qarşısını almaq üçün ümumiyyətlə bütün istehsal olunan duzlar yodlaşdırılan duzlardır, məişətdə istifadə olunan duzlar. Ona görə də əvvəlki illərə baxanda tiroid vəzinin diffuz böyüməsi ilə daha az rast gəlinir. Xeyli bu sahədə vəziyyət yaxşılaşmışdır. Endemik bölgələrdə belə yodlaşdırılan duz istifadə olunduğuna görə artıq əvvəlki qədər böyük tiroid vəzləri rast gəlinmir demək olar ki”.
Endokrinoloq yodun həddindən artıq qəbulunun praktikada geniş rast gəlinən hal olmadığını da qeyd edib:
“Ümumi olaraq praktikada demək olar ki, yodun həddindən artıq çox istifadəsi rast gəlinən bir hadisə deyil. Yodlaşdırılan duzdur əsas yod mənbəyi, o da gündəlik müəyyən miqdarda istifadə edildiyinə görə yodun həddindən artıq istifadəsinə rast gəlinmir. Ümumiyyətlə də orqanizmə normadan artıq qəbul olunan yod sidik vasitəsilə atılır deyə bu pasiyentlərimiz üçün bir problem yaratmır”.
Ayşə Müzəfərli