00:00:00
Yazar
Səadət Əlizadə
02.10.2026 21:43 20 4 dəq oxuma
Sosial

Yodlaşdırılmış duz: tərkibi, yodun əhəmiyyəti və duzda yodun azalması

Yodlaşdırılmış duz: tərkibi, yodun əhəmiyyəti və duzda yodun azalması

Yodlaşdırılmış duz orqanizmin yoda olan tələbatının ödənilməsində mühüm rol oynayır. Yod xüsusilə qalxanabənzər vəzin hormonlarının sintezində vacib elementdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, 2001-ci ilə qədər Azərbaycanda ciddi tədqiqatlar aparılıb və məlum olub ki, əhalinin 75 faizi yod çatışmazlığından əziyyət çəkib:


“Beynəlxalq təşkilatlar Azərbaycanda araşdırmalar həyata keçirib. Bundan sonra yod çatışmazlığının aradan qaldırılması ilə bağlı müzakirələr aparılıb və nəhayət, dünya təcrübəsinin tətbiqinə qərar verilib”.

 

Eyyub Hüseynov qeyd edib ki, 2001-ci ildə ölkədə yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında qanun qəbul olunub:


“Qanunun 8.3-cü maddəsində ölkədə yodsuz duzun satışı və istehsalı, həmçinin heyvanlara yem məqsədilə verilməsi qadağan edilib”.

 

Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyi xüsusilə UNICEF-lə sıx əməkdaşlıq edib, beşə qədər layihə həyata keçirib və ciddi maarifləndirmə işi aparıb:

 

“Təxminən 10 il ərzində yod çatışmazlığının səviyyəsi 75 faizdən 25 faizə qədər azalıb”.


O bildirib ki, həmin dövrdə Azərbaycanda çoxsaylı göllərdən, təxminən 15 göldən duz çıxarılıb. Onun sözlərinə görə, bu duz ağır metallardan təmizlənmədən əhaliyə təqdim edilib. Duz əsasən Şəki, Salyan, Neftçala və Masazır ərazilərindən əldə edilib.


Eyyub Hüseynov vurğulayıb ki, yodsuz duzun aradan qaldırılması istiqamətində ciddi müqavimətlə qarşılaşıblar:

 

“İctimai təşkilat olaraq müxtəlif təzyiqlərlə, hətta hədələrlə üzləşdik. Çünki Masazır duz gölündən duz çıxararaq dolanan böyük insan qrupları var idi”.

 

Onun sözlərinə görə, digər tərəfdən, yodlaşdırılmış duz istehsal edən zavodun Naxçıvanda tikilməsi variantı gündəmə gəlib:

 

“Azad İstehlakçılar Birliyi olaraq hökumətin bu təşəbbüsünə etiraz etdik və məsələ qaldırdıq ki, Masazır duz gölü mövcud olduğu müddətdə buradan duz çıxarılıb təmizlənmədən əhaliyə təqdim edilərsə, qanunun icrası mümkün olmayacaq. Biz hesab edirdik ki, Masazır duz gölü ya torpaqla, ya su ilə doldurulmalı, ya da duz istehsalında müasir tələblərə uyğun şəkildə istifadə edilməlidir”.

 

Eyyub Hüseynov əlavə edib ki, Azad İstehlakçılar Birliyinin çağırışına hökumət adekvat cavab verib və biznes qurumlarının iştirakı ilə müasir zavod tikilib:

 

“Zavodda duz ağır metallardan təmizlənir və müasir tələblərə uyğun məhsul istehsal olunur”.

 

Bununla belə, onun sözlərinə görə, ölkədə müxtəlif yerlərdən yodsuz duz toplayaraq satan insanlar da fəaliyyət göstərib:

 

“Hazırda belə fəaliyyətin əsasən Neftçala-Salyan rayonlarında qaldığını müşahidə edirik və həmin şəxsləri bu fəaliyyətdən çəkinməyə çağırırıq”.

 

Eyyub Hüseynov qeyd edib ki, yod çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər:

 

“Bunlara uşaqlarda inkişaf geriliyi, immun sisteminin zəifləməsi, əmək qabiliyyətinin azalması, eşitmə və nitq problemləri və digər xəstəliklər daxildir”.

 

O bildirib ki, qanun qəbul edildikdən sonra müvafiq standartlar da müəyyənləşdirilib və duzun tərkibində yodun miqdarı ilə bağlı tələblər müəyyən olunub:

 

“Həmin dövrdə göllərdən duz toplayaraq təmizləyən 40-a qədər kiçik müəssisə fəaliyyət göstərirdi. Bizim səylərimiz nəticəsində onların bağlanmasına nail olduq və bu proses zamanı ciddi təzyiqlərlə qarşılaşdıq”.

 

Onun sözlərinə görə, hazırda həmin müəssisələrdən yalnız biri fəaliyyət göstərir:

 

“Bəzən həmin müəssisənin də saxta duz istehsal etdiyi və müxtəlif duzları qarışdırdığı barədə məlumatlar alırıq. Həmçinin Ukraynadan Azərbaycana idxal edilməyən duzların Ukrayna duzu adı altında satılması ilə bağlı məlumatlar da daxil olur. Yaxın zamanda bu məsələ ilə bağlı dövlət orqanlarına məlumat verəcəyəm”.

 

Eyyub Hüseynovun sözlərinə görə, yodlaşdırılmamış duzun satışı və istehsalı qadağandır. Buna baxmayaraq, əmtəə bazarında hələ də yodlaşdırılmamış duzlara rast gəlinir:

 

“Bunun nümunələri də bizdə var”.

 

O qeyd edib ki, Sabirabadda fəaliyyət göstərən “İqlim” şirkəti sənaye duzunu guya şoraba üçün nəzərdə tutulduğu əsaslandırması ilə satışa çıxarır:

 

“Bu, qanuna ziddir. Şoraba və ya pendir hazırlanmasında yodlaşdırılmış duzun istifadəsinin zərərli olması ilə bağlı fikirlər də doğru deyil. Qanun qəbul edilərkən bu məsələlər müzakirə olunub və duzun birmənalı şəkildə yodlaşdırılması tələb olunub”.

 

Eyyub Hüseynov əlavə edib ki, duzun qiyməti ilə bağlı Azad İstehlakçılar Birliyinə çoxlu şikayətlər daxil olur:

 

“Bazarda bir kiloqramı 40 qəpikdən 20 manatadək olan müxtəlif duz növlərinə rast gəlinir. “Altay duzu”, “Azov duzu” və digər adlarla satılan məhsulların istehlakçıları çaşdırdığını düşünürük. Duzun əsas tərkibi natrium xloriddir. Əsas tələb isə onun yodlaşdırılmasıdır”.

 

Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyi yodlaşdırılmış duzun istifadəsinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir. O bildirib ki, Masazır duz gölü də ictimai təşkilatın nəzarətindədir:

 

“Hazırda orada duz birbaşa yığılmır. Su toplanır, çökdürülür və ondan alınan duz ağır metallardan təmizlənərək müasir tələblərə uyğun şəkildə istehsal olunur”.

 

Eyyub Hüseynov qeyd edib ki, hazırda ölkənin əmtəə bazarında 20-dən çox duz növü satılır. Onun sözlərinə görə, azad istehlak iqtisadiyyatı şəraitində məhsulların çeşidinin çox olması normaldır. Lakin duzun qiymətindəki böyük fərqlər istehlakçılar arasında narazılıq yaradır.

 

Sonda o, yodlaşdırılmış duzun saxlanma qaydalarına da diqqət çəkib:

 

“Standartlara əsasən, yodlaşdırılmış duzda yod bir il müddətində qala bilər. Bunun üçün duz düzgün və qapalı qabda, işıqdan uzaq şəraitdə saxlanılmalıdır. Yodlaşdırılmış duz isti xörəyə əlavə edildikdə isə yüksək temperatur yodun tərkibinin azalmasına səbəb ola bilər. Bu səbəbdən yodlaşdırılmış duzun saxlanma müddəti bir il müəyyənləşdirilib”.

 


 

 


 

 

Mədinə Əlizadə

#azalması #yodun #yeni #yodlaşdırılmış #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər