Yoluxma sayının göstəricilərini insanlar tənzimləyir
Azərbaycanda koronavirus infeksiyasına son 1 həftədə 17 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İnfeksionist Ləman Qalimova bu haqda informator.az saytına açıqlama edib.
İnfeksionist bildirib ki, bütün xəstəliklərin həyati riski mövcuddur.
"Çünki bu insandan insana dəyişir. Hər orqanizm fərqlidir. Ola bilər ki, insanın başqa xəstəlikləri də var, onkoloji xəstədir yaxud radioterapiya alır və ya yaşlı insandır. Bu kimi hallarda, immun sistemi zəif olur".
Ləman Qalimova qeyd edib ki, bu qrupa bir yaşdan az olan körpələr də daxildir, onlar da xəstəlik tutarkən risk altındadır.
" Qeyd etdiyim qrupa aid insanlar özlərini daha çox qorumalıdılar ki, infeksionist xəstəliklərə yoluxmasınlar.
Bunun üçün isə o xəstəliyin vaksinasiyasından keçmək lazımdır, bununla yanaşı, insanlar maska taxaraq, sosyal məsafə qoruyaraq, gigiyenaya riayət edərək, toplum olan yerdə az iştirak edərək, özlərini qoruya bilərlər".
İnfeksionist bildirib ki, yaxın gələcəkdə yoluxmanın sayının artması ilə bağlı hələ ki dəqiq heç nə deyilə bilmir. Çünki bu göstəriciləri insanlar tənzimləyir.
"Əgər insanlar qoruyucu vasitələrdən istifadə etsələr, vaksinasiyadan keçsələr, özlərini qorusalar, yoluxma sayında güclü artım görməyəcəyik".
Gülay Qəribova
