Yük avtomobillərinin iştirakı ilə qəza hallarının sayı artıb əsas səbəblər nələrdir?
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Nərgiz Əlizadə bildirib ki,Yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin səbəbləri müxtəlifdir:
“Təhlillər göstərir ki, belə hadisələrə əsasən sürət həddinin düzgün seçilməməsi, ara məsafəsinin gözlənilməməsi, ötmə və manevr qaydalarının pozulması, yükdaşıma qaydalarına əməl edilməməsi, o cümlədən daşınan yükün kütlə və ölçü parametrlərinin müəyyən edilmiş tələblərə uyğun olmaması, nəqliyyat vasitəsinin texniki vəziyyətinə lazımi diqqət yetirilməməsi, eləcə də sürücünün yorğun və yuxusuz halda sükan arxasına keçməsi səbəb ola bilir”.
Nərgiz Əlizadə qeyd edib ki,uzaq məsafələrə yükdaşıma həyata keçirən sürücülər üçün iş və istirahət rejiminə riayət olunması mühüm əhəmiyyət daşıyır:
“Sürücünün uzun müddət fasiləsiz avtomobil idarə etməsi diqqətin və reaksiya sürətinin azalmasına, nəticədə isə qəza riskinin artmasına səbəb olur. Məhz buna görə sürücülər yolboyu nəzərdə tutulmuş dayanacaq və istirahət məntəqələrindən istifadə etməli, yorğunluq hiss etdikdə hərəkəti davam etdirməməlidirlər”.
Nərgiz Əlizadənin sözlərinə görə,Eyni zamanda, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı və sürücünün səhhəti nəzarətdə saxlanılmalıdır.
Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə yol və hava şəraitini nəzərə almağı, müəyyən edilən sürət həddinə, iş və istirahət rejiminə ciddi əməl etməyi, uzun səfərlər zamanı mütləq fasilələr verməyi tövsiyə edir. Unutmaq olmaz ki, yük avtomobillərinin kütləsi və ölçüləri səbəbindən baş verə biləcək qəzanın nəticələri daha ağır ola bilər.
Nurgün Qənizadə