00:00:00
Yazar
Elmira Ağayeva
18.08.2026 21:22 131 2 dəq oxuma
Gündəm

“Yuşenkonun Bakıya səfəri siyasi dialoqun qorunduğunu göstərir”- Politoloqdan Şərh

“Yuşenkonun Bakıya səfəri siyasi dialoqun qorunduğunu göstərir”- Politoloqdan Şərh

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.
Bu barədə dövlət başçısı "X" hesabında qeyd edib.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, İlham Əliyevlə Viktor Yuşenko arasındakı görüş Azərbaycan-Ukrayna münasibətlərində siyasi dialoqun və qarşılıqlı etimadın qorunduğunu göstərən mühüm simvolik mesajdır:

“Lakin Yuşenko hazırda rəsmi dövlət vəzifəsi daşımadığı üçün bu görüşü konkret hökumətlərarası razılaşmaların başlanğıcı kimi deyil, uzun illərə söykənən şəxsi əlaqələrin və siyasi təmas kanallarının davamı kimi qiymətləndirmək daha doğrudur. Bununla yanaşı, Yuşenkonun Ukraynanın siyasi, ictimai dairələrində nüfuzu nəzərə alınarsa, görüş gələcəkdə humanitar əməkdaşlıq, energetika, müharibədən sonrakı bərpa və Azərbaycan şirkətlərinin Ukraynadakı layihələrdə iştirakı üçün əlverişli ictimai-siyasi mühitin formalaşmasına töhfə verə bilər. Prezident Əliyev də paylaşımında tərəflər arasında 20 ildən artıq davam edən tanışlığa diqqət çəkib”.


Politoloq qeyd edib ki,Azərbaycan müharibə ilə bağlı balanslı siyasətini Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi prinsipial dəstəyi davam etdirməklə, eyni zamanda Rusiya ilə münasibətləri açıq qarşıdurma müstəvisinə keçirməməklə qoruya bilər:


“Bakı üçün ən uyğun xətt hərbi bloklaşmadan uzaq qalmaq, Ukraynaya humanitar və enerji yardımlarını davam etdirmək, münaqişənin beynəlxalq hüquq və danışıqlar yolu ilə həllini müdafiə etməkdir. Azərbaycan həm Kiyev, həm də Moskva ilə danışa bilən azsaylı regional aktorlardan biri kimi öz diplomatik imkanlarını qorumaqda maraqlıdır. Buna görə də balanslı siyasət bitərəflik deyil, milli maraqlara əsaslanan ehtiyatlı və prinsipial mövqe kimi davam etdirilməlidir”.

Nuray Əliyeva

#“yuşenkonun #politoloqdan #siyasi #azərbaycan #səfəri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər