“ "Yuventus" növbəti mövsümdən etibarən köhnə günlərini xatırladacaq”
İtaliya A Seriyasının 20-ci turu çərçivəsində “Yuventus” – “Kremoneze” qarşılaşması keçirilib. Görüş “Qoca sinyora”nın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, "Yuventus"un "Kremoneze" üzərindəki qələbəsi, gözlənilməz olmayıb:
"Sadəcə hesab böyük olub. Bu işə yeni baş məşqçi, yəni yeni olmasına baxmayaraq çox təcrübəli olan Luciano Spalletti'nin ən başda komandanı oturtmaq üzrə olduğunu göstərir. Luciano Spalletti komandasından daha hücuma meyilli, daha istəkli, daha əzmkar futbol oynamalarını tələb edir və düşünür ki, "Yuventus" müdafiə olunaraq yox, hücum edərək qalib gəlməlidir. Mən özüm də "Yuventus" azarkeşiyəm. Mən düşünürəm ki, belə böyük bir klubun oyun tərzi də belə olmalıdır. Luciano Spalletti'nin işi təkcə komandanın daxilində deyil, azarkeşlər tərəfindən də müsbət qarşılanır. Mən də çox yaxından izləyirəm. Artıq "Yuventus" azarkeşləri arasında komandaya inam artmağa başlayıb. Çünki qəbul edək ki, "Yuventus" çox dərin, ciddi problemlər yaşayıb, eniş içində olub. Hazırda bu eniş hələ də davam edir, amma məhz Luciano Spalletti'nin gəlişindən sonra komanda bir yerdə toparlanmağa başlayıb və bu enişdən çıxmaq üçün işartılar, ümidlər verdiyini artıq "Yuventus" göstərir. Komandanın xal ehtiyatı da yüksəlir, yəni aşağı rəqiblərlə bərabərlikləri önləməklə digər matçlarda qazanılan qələbələr komandanın xal ehtiyatını artırır və bu komandanı çempionluq yarışında olmasa da, ən azından Avropa yarışlarına vəsiqə verən sıralarda saxlayır və rəqabətə davamlı olmasını təmin edir. Düşünürəm ki, bu templə davam edəcəyi halda və azarkeşlərin dəstəyi artacağı halda, "Yuventus" növbəti mövsümdən etibarən köhnə günlərini xatırladacaq və İtaliya Seriyasının lider komandalarından biri statusuna geri dönəcək".
Günel Əlili
