"Yuxuda gəzmək" problemi
Alimlərin apardıqları araşdırmalara görə, yuxu rejimi insan beyni üçün ən önəmli hissələrdən biridir. Belə ki, insanlar tam yuxu almadıqda, yaxud yuxu rejimləri pozulduqda müəyyən problemlər yarana bilir.
Bunlardan biri də insanların çox da diqqət yetirmədikləri somnanbulizm (lunatizm), el arasında "yuxuda gəzmək" problemidir.
Psixoloq Ləman Əlizadə informator.az-ın lunatizmin necə yaranması və formalaşması, həmçinin psixologiya ilə nə kimi bağlılığı olduğu suallarına aydınlıq gətirib.
Ləman Əlizadə qeyd edib ki, somnanbulizm və ya lunatizm şəxsin beyninin yuxuda olmasına baxmayaraq, fiziki olaraq anidən qalxıb hərəkət etmə halına deyilir.
"Bu hal yuxuda gəzmək davranışıdır. Şəxsin anidən qalxıb evdə gəzməsi, pəncərəyə yaxınlaşması, qapıdan çıxması kimi hərəkətləri, bəzi hallarda özünə və ətrafındakı insanlara zərər yetirməsi kimi situasiyalar müşahidə edilir".
Psixoloqun sözlərinə görə, yuxuda gəzmə halı müəyyən səbəblərdən yarana bilər: nevroloji, psixoloji və s.
"Əgər şəxsin həyatında həddindən artıq stress faktoru varsa, ailə və ya iş mühitində ağır stresslər yaşayırsa, yorğunluq, depressiya, müəyyən təşvişlər müşahidə edilirsə, psixoloji aspektdən yuxuda gəzməyə səbəb ola bilər".
Psixoloq qeyd edib ki, stress faktorunun olması somnanbulizmə daha çox təkan verir.
"Bundan əlavə, şəxsdə yemə pozğunluğu, yaxud nədənsə asılılıq varsa, bu vəziyyət şəxsin yuxusuna təsir göstərir və lunatizmi yarada bilir. Bu zaman şəxs qidalanmasına və hər hansı asılılıqdan qurtulmağa diqqət etməlidir".
Ləman Əlizadə vurğulayıb ki, stress faktoru varsa, şəxs psixoloq, psixiatr, yaxud psixoterapevtə müraciət etməlidir.
"Çünki əgər bu problem tez-tez müşahidə edilirsə, deməli, vəziyyət ciddidir. Müalicə mütləqdir".
Psixoloq tövsiyə edib ki, lunatikin (yuxuda gəzən şəxsin) ətrafındakı insanlar diqqətli olmalıdırlar.
"Qapı və pəncərələr bağlı saxlanılmalıdır. Həmçinin kəsici və deşici alətlər əl altından götürülməlidir".
Məryəm Abdullazadə
