Yuxusuzluq nədən yaranır?-MÜTƏXƏSSİSDƏN VACİB XƏBƏRDARLIQ
“Gecə yuxudan tez-tez ayılmaların və yuxusuzluğun əsas səbəblərindən biri məhz parasomniyalardır. Bu problemin qarşısını almaq üçün isə yuxu gigiyenasına ciddi şəkildə əməl olunmalıdır”.
Bu sözləri “İnformator.az”a açıqlamasında nevropotoloq Səbinə Nurəliyeva deyib.O,həmçinin qeyd edib ki, yuxu pozğunluqları insomniya (yuxuya çətin getmək) və parasomniyalar (təhrif olunan yuxu) olmaqla iki yerə bölünür:
“Gecə oyanmalarının və yuxu keyfiyyətinin pozulmasının arxasında duran amillər dərindən araşdırılmalıdır. Buraya apnoe səbəbləri, narahat ayaqlar sindromu, son dövrlərdə yaşanan stress, həyəcan, təşviş və panika halları, eləcə də uşaqlarda müşahidə olunan gecə terroru daxildir. Yuxu gigiyenası yuxu rejiminin əsas faktorlarından biridir. İlk növbədə vaxtında yatağa daxil olmaq, pərdələrin bağlı və otağın tam qaranlıq olmasını təmin etmək vacibdir. Melatonin hormonunun düzgün sintezi üçün yatağa telefonla girmək və yatmazdan əvvəl televiziya izləmək qəti qadağandır, çünki telefon işığı yuxu pozğunluğunu daha da dərinləşdirir. Həmçinin günortadan sonra kofeinli içkilər, çox miqdarda tünd çay, kofe və spirtli içkilərin qəbulu yuxunu pozan əsas amillərdəndir. Havada kifayət qədər olmaq lazımdır, uşaqlara gün işığında hərəkət edən əşyaları izləmək məsləhətdir, çünki gün işığı yuxunu stimullaşdıran təbii səbəblərdəndir”.
“Uşağın və ya böyüyün gündəlik keçirdiyi stress, həyəcan, eləcə də qəbul etdiyi dərmanlar da yuxuya təsir göstərir. Gecə oyanan zaman telefonu buraxmaq lazımdır, çünki telefon işığı da yuxu pozğunluğunun əsas səbəblərindəndir. Ekspert yekunda vurğulayıb ki, əgər gecə tez-tez oyanmalar varsa, bunun hansı səbəbdən qaynaqlandığı - apnoeyə, narahat ayaqlar sindromuna, yoxsa son dövrlər yaş bağlı stress, həyəcan və panikaya bağlı olduğu dəqiqləşdirilməli, buna uyğun olaraq müvafiq tövsiyələr verilməli və zəruri tədbirlər görülməlidir”.
Fatimə Hüseynova