00:00:00
Yazar
Elmira Ağayeva
05.11.2026 23:51 42 3 dəq oxuma
Radio 100

Yüz yaşında cavan səs: Əsrlik yol keçən Azərbaycan radiosunun hekayəsi

Yüz yaşında cavan səs: Əsrlik yol keçən Azərbaycan radiosunun hekayəsi


 

Texnologiyanın hələ indiki qədər inkişaf etmədiyi dövrlərdə uzaq məsafədən gələn bir səs, musiqi və ya xəbər insanlara əsl möcüzə kimi görünürdü. İnsan səsinin efir vasitəsilə dağları, dənizləri aşaraq milyonlarla evə çatması informasiya dünyasında əsl inqilab idi. Radio sadəcə xəbər ötürücüsü deyil, həm də hər bir dinləyicinin təxəyyülündə özünəməxsus dünya yaradan, insanları və cəmiyyəti birləşdirən mühüm kəşfdir. Bəs bir zamanlar dünyanı heyrətə gətirən bu texnologiya həyatımıza necə daxil oldu və küçələrdəki səsgücləndiricilərdən evlərimizin baş köşəsinə qədər necə gəlib çatdı?

Radio sözü latın mənşəli olub, “şüalandırıram”, “şüa buraxıram” mənalarını ifadə edir. Naqilsiz rabitə vasitəsi olan radionun yaranmasının arxasında uzun illər davam edən elmi araşdırmalar və mühüm kəşflər dayanır.

Radionun elmi əsasları 1865-ci ildə ingilis fiziki Ceyms Maksvellin elektromaqnit dalğaları nəzəriyyəsi ilə qoyuldu. 1887–1888-ci illərdə alman fiziki Henrix Hers bu nəzəriyyəni təcrübələrlə təsdiqlədi. Lakin radio dalğalarının praktiki tətbiqi hələ qarşıda idi. 1895-ci ildə rusiyalı alim Aleksandr Stepanoviç Popov elektromaqnit dalğalarını qəbul edən qurğu hazırlayaraq naqilsiz siqnal ötürülməsi istiqamətində mühüm addım atdı.

Digər tərəfdən, italiyalı ixtiraçı Qulyelmo Markoni də simsiz rabitə sahəsində araşdırmalar aparırdı. İtaliyada lazımi dəstəyi ala bilməyən Markoni anasının köməyi ilə İngiltərəyə yollandı və burada simsiz teleqrafiya sahəsində fəaliyyətini davam etdirdi. 1898-ci ildə onun rəhbərliyi ilə həyata keçirilən təcrübələr rabitə texnologiyalarının inkişafında mühüm mərhələ oldu. 1899-cu ildə La-Manş boğazı üzərindən, 1901-ci ildə isə Atlantik okeanı boyunca simsiz siqnalların ötürülməsi mümkün oldu. Bu uğurlar radionun uzaq məsafələrdə rabitə vasitəsi kimi istifadəsinə geniş imkanlar yaratdı.

Radionun ilk ixtiraçısının Popov, yoxsa Markoni olması uzun illər mübahisə mövzusu olub. Bu mübahisələr hətta yumoristik ifadələrə də yol açıb. Həmin dövrün elmi rəqabətini əks etdirən məşhur bir lətifədə Popovun radionu kəşf etməsi ilə bağlı iddialara belə istehza edilir: “Ruslar radionu kəşf edən ixtiraçının Popov olduğunu iddia edirlər. Amma bütün dünyada radionun ixtiraçısı kimi Popovu yox, italyan Qulyelmo Markonini qəbul edirlər, çünki radionun kəşfinə görə patenti məhz o alıb. Popov ilk radio aparatını quraşdırır, kanalları qarışdırarkən belə bir siqnal eşidir: Diqqət! Diqqət! Danışır BBC radiosu!”

1920-ci illərdə radio yayımı sürətlə inkişaf etməyə başladı. ABŞ-də Westinghouse, General Electric, AT&T və RCA kimi iri şirkətlərin bu sahədəki fəaliyyəti radio sənayesinin genişlənməsinə təkan verdi. İlk dövrlərdə “kağızsız və məsafəsiz qəzet” adlandırılan radio qısa müddətdə kütləvi informasiya vasitəsinə çevrildi. Radio dalğalarının yayılma imkanlarının öyrənilməsi, xüsusilə ionosferdən əks olunma hadisəsinin araşdırılması uzaq məsafəli yayımın inkişafına mühüm töhfə verdi. Radionun formalaşdırdığı texnoloji təcrübə sonrakı dövrlərdə televiziya, mobil rabitə və internet kimi müasir kommunikasiya vasitələrinin inkişafına da zəmin yaratdı.

Bəs Azərbaycanda radio nə vaxt yaranıb?

Azərbaycan radiosunun tarixi 1926-cı il noyabrın 6-dan başlayır. Həmin gün paytaxtın küçə və meydanlarında quraşdırılmış reproduktorlardan ilk dəfə “Danışır Bakı!” səsi eşidildi. Bu hadisə ölkəmizin informasiya və media tarixində yeni bir mərhələnin başlanğıcı oldu.

İlk dövrlərdə Bakı radiosunun studiyası İstiqlaliyyət küçəsində yerləşən keçmiş İsmailiyyə binasının üçüncü mərtəbəsində, cəmi üç otaqda fəaliyyət göstərirdi. Otaqlardan birində böyük lampalı aparatlar, digərində qonaqların gözlədiyi məkan və çamadanda saxlanılan avadanlıq yerləşirdi. Üçüncü otaq isə əsl yayım studiyası idi. Türkmən xalçaları, tünd yaşıl məxmərlə örtülmüş interyer və otağın mərkəzindəki “Steinway” royalı həmin studiyaya özünəməxsus görünüş verirdi.

Azərbaycan radiosu yarandığı gündən xalqımızın maariflənməsində, milli musiqimizin, mədəniyyətimizin və ədəbiyyatımızın təbliğində mühüm rol oynayıb. Bir əsr ərzində mürəkkəb tarixi sınaqlardan, müharibələrdən və quruculuq dövrlərindən keçərək nəsillərin yaddaşında silinməz iz qoyub. Cəmiyyətin nəbzini tutan, zamanın səsini dinləyicilərə çatdıran Azərbaycan radiosu bu gün azad olunmuş torpaqlarımız da daxil olmaqla ölkəmizin bütün guşələrində səslənir. Bir zamanlar küçələrdəki reproduktorlardan eşidilən “Danışır Bakı!” səsi bu gün də öz tarixi missiyasını davam etdirir. Azərbaycan radiosu 100 illik yubileyini zəngin tarixi, böyük ənənələri və gələcəyə uzanan səsi ilə qeyd edir.

#Radio100 #radio
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər