00:00:00
Yazar
Zəhra Həsənova
25.05.2026 20:24 20 6 dəq oxuma
Sosial

Zədəli məhsulların qaytarılması: İstehlakçı hüquqları

Zədəli məhsulların qaytarılması: İstehlakçı hüquqları

Alış-veriş zamanı qüsurlu və ya zədəli məhsulla qarşılaşmaq hər bir istehlakçının hər an yaşaya biləcəyi problemdir. Bir çox hallarda vətəndaşlar qanunun onlara verdiyi hüquqları tam bilmədiyi üçün mağazaların qeyri-qanuni qaydaları ilə razılaşmaq məcburiyyətində qalırlar. "Defektli" məhsulun dəyişdirilməsi və ya pulun geri alınması prosesində qanunvericiliyin tələblərini bilmək alıcını maddi zərərdən qoruyur.

Mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Məhəmməd Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və s.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər:

 

"Hər kəs həyatında bir dəfə də olsa aldığı malı geri qaytarıb və ya qaytarmaq istəyib. Bu zaman əksər hallarda problem yaşanmasa da, bəzən satıcı malı geri qaytarmamaq üçün müxtəlif bəhanələr gətirir. Belə hallarla qarşılaşmamaq üçün istehlakçılar hüquqlarını bilməli, qorumalı və onları müdafiə etməkdən çəkinməməlidirlər. İstehlakçıların hüquqlarını tənzimləyən normativ hüquqi aktlar Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəllədən, Cinayət Məcəlləsindən, İnzibati Xətalar Məcəlləsindən, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanundan, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarınnın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 94 nömrəli qərarından və digər normativ hüquqi aktlardan ibarətdir. İstehlakçı hüquqlarının pozulduğunu hesab edirsə, bu zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etməlidir. İstehlakçıların aldadılması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, törədilən əməlin xarakterinə, ictimai təhlükəliliyinə, vurulmuş ziyanın həcminə və s.  meyarlara əsasən cinayət, inzibati və mülki məsuliyyət yarada bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən “İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma, 3.000 manatdan 5.000 manatadək miqdarda cərimə və ya  360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə daha sərt məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. Burada “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 30000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 30000 manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən “İstehlakçıların hüquqlarının pozulmasına, yəni, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə  fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə, hüquqi şəxslər 4.000 manatdan 6.000 manatadək məbləğdə cərimə edilir. Burada “az miqdar” dedikdə, 5.000 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623-cü maddəsinə əsasən "əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan 14 gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər". Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Həmçinin Məcəllənin 624-cü maddəsinə əsasən “Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki:
1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin
2. alış qiyməti mütənasib surətdə azaldılsın
3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın
4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin

Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Eyni zamanda, alıcı mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:
1. lazımi keyfiyyətli mala dəyişdirməyi
2. satış qiymətini uyğun məbləğdə azaltmağı
3. malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini
4. malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini
5. müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini

 

Həmçinin vəkil qeyd edib ki, qanunvericiliyə əsasən bəzi malların dəyişdirilməsinə yol verilmir:

 

"Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır.
İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir. Onu da qeyd edək ki, qanunvericiliyə əsasən bəzi malların dəyişdirilməsinə yol verilmir. Belə ki, “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı müəyyən olunmuşdur. Həmin Qərara əsasən,
1. Qızıl və qızıl məmulatları
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar
3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr)
4. Parfümer-kosmetika malları
5. Kişi, qadın və uşaq çimərlik paltarları.
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları
7. Məişət-kimyası malları
8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.)
9. Uşaq oyuncaqları
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları
11. Qida üçün plastmasdan hazırlanmış məmulatlar
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) qida məhsulları” dəyişdirilə bilməz
Mağazanın "satılan mal geri qaytarılmır" qaydası hüquqi qüvvəyə malik deyildir. Satıcı mağazada belə elan yerləşdirsə belə, əgər məhsul qüsurlu, zədəli və ya müqavilə şərtlərinə uyğun deyilsə, istehlakçının qanunla müəyyən edilmiş hüquqları qüvvədə qalır. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. 
Kassa çeki və ya qablaşdırmanın olmaması avtomatik olaraq istehlakçını hüququndan məhrum etmir. Kassa çeki, qablaşdırma sübut əhəmiyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623-cü maddəsinə əsasən “Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun.” Əgər alıcı məhsulun həmin mağazadan alındığını başqa vasitələrlə (bank ödənişi çıxarışı, SMS, elektron qəbz, şahid ifadəsi, sifariş məlumatı, video müşahidə qeydləri və s.) sübut edə bilirsə, o zaman yenə də tələb irəli sürə bilər".

#gündəm #məhsulların #zədəli #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər