“Əzələləri şişirtmək sağlamlıq demək deyil” - Ekspertdən idman qidaları ilə bağlı xəbərdarlıq
İdmanla məşğul olan insanların daha yüksək nəticə əldə etmək və əzələ kütləsini artırmaq məqsədilə istifadə etdiyi idman qidaları son illərdə geniş yayılıb. Lakin protein tozları, enerji içkiləri, kreatin və digər əlavələrin nəzarətsiz və düzgün dozada istifadə edilməməsi sağlamlıq üçün müəyyən risklər yarada bilər.
Mövzu ilə bağlı səhiyyə eksperti Rasif Bağırov “İnformator.az”a açıqlamasında bildirib ki,
gənclər arasında idman qidaları və idman preparatlarının istifadə olunması son dövrlər biraz çoxalıb:
“ Adətən bəzi hallarda gənclər bu preparatlardan həddindən artıq istifadə edirlər. Halbuki ən faydalı dərmanın belə normadan artıq istifadəsi zərərli ola bilər. Əgər kimsə sağlamlıq və ya idman məqsədilə istifadə etmək istəyirsə, burada hormonal preparatlardan da söhbət gedə bilər. Xüsusilə həyatını peşəkar idmana həsr edən insanlar müəyyən nəticələr əldə etmək üçün bu cür preparatlardan istifadə edə bilirlər. Lakin bu preparatların yarada biləcəyi yan təsirlərin qarşısını almaq üçün əlavə dərmanlar da tövsiyə olunur və bunlar heç vaxt özbaşına istifadə edilməməlidir. Özbaşına istifadə edildikdə isə, təbii ki, müəyyən problemlər yarana bilər. Məsələn, protein tozlarından istifadə ilə bağlı da diqqətli olmaq lazımdır. Protein qəbulunun orqanizmə təsiri fərdi xüsusiyyətlərdən, qəbul edilən miqdardan və istifadə məqsədindən asılıdır. Buna görə də bu cür məhsulların nəzarətsiz və normadan artıq istifadəsi sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər ”.
Ekspert qeyd edib ki, proteindən istifadə edib əzələni də şişirdirlər:
“ Kənardan baxanda belə insanlar sağlam və fiziki cəhətdən güclü görünürlər. Lakin məsələnin mahiyyətinə daha dərindən nəzər saldıqda, əslində burada tam sağlamlıqdan söhbət getmir. Çünki insan orqanizmində maddələr mübadiləsi prosesində müəyyən pozğunluqlar yarana bilər. Həmin pozğunluqlar bir istiqamətdə insana müəyyən üstünlük versə də, digər istiqamətdə onun sağlamlığına və fiziki imkanlarına mənfi təsir göstərə bilər. Ona görə də bu cür preparatlardan istifadə edən şəxslər mütləq idman həkimlərinin ciddi nəzarəti altında olmalı, preparatların qəbulu və fiziki fəaliyyətləri mütəxəssis tərəfindən tənzimlənməlidir”.
Rasif Bağırov qeyd edib ki, adi qaydada idmanla məşğul olan adam, idman hərəkətləri edəndən sonra bol su içməlidir:
“ Selen preparatlarının qəbuluna da ehtiyac yarana bilər. Çünki tərləmə zamanı orqanizmdən müəyyən miqdarda selen xaric olur. Selenin orqanizmə qida ilə daxil olması mümkün olsa da, bəzi hallarda onun səviyyəsini tənzimləmək üçün bioaktiv əlavələrdən və mineral tərkibli preparatlardan istifadə edilə bilər. Lakin bunlar da mütləq mütəxəssis məsləhəti ilə qəbul olunmalıdır. Ümumiyyətlə, insanın öz orqanizminin müəyyən hissələrini risk altına qoyması heç də yaxşı hal deyil. Ən yaxşı idman sağlamlıq üçün edilən idmandır. Sağlamlıq məqsədilə idmanla məşğul olan insanların uzunmüddətli perspektivdə həm sağlamlıq göstəriciləri, həm də nailiyyətləri daha yaxşı olur ”.
Nuray Əliyeva