00:00:00
Yazar
Ayan Sadi
25.11.2026 22:17 189 2 dəq oxuma
Siyasət

Zəngəzur dəhlizinin regional əlaqələrin inkişafında rolu

Zəngəzur dəhlizinin regional əlaqələrin inkişafında rolu

 

 

 

Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Türk dünyası arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsinə, Azərbaycanın isə regional tranzit və logistika imkanlarının artmasına şərait yarada bilər.

 

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az” a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinə sadəcə regional nəqliyyat-logistika layihəsi kimi yanaşmaq düzgün olmaz. Layihənin həyata keçirilməsi həm nəqliyyat-logistika imkanlarını genişləndirəcək, həm də geniş coğrafiyada inteqrasiya prosesləri üçün şərait yaradacaq:

 

 

“Zəngəzur dəhlizi qardaş Türkiyə ilə Türk dünyası arasında əlaqələrin intensivləşməsinə şərait yaradacaqdır. Azərbaycanla Türkiyə arasında tərəfdaşlıq və münasibətlər təkcə siyasi və hərbi sahələri deyil, eyni zamanda nəqliyyat-logistika istiqamətində əməkdaşlığın genişləndirilməsini də əhatə edəcəkdir”. 

 

 

Elşad Mirbəşiroğlu qeyd edir ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda həyata keçirilən mühüm nəqliyyat-logistika layihələrinin əsas komponentlərindən birinə çevriləcəkdir. Bu layihə hər bir iştirakçı ölkə üçün iqtisadi imkanlar yaradacaq. Çin məhsullarının Trans-Xəzər dəhlizi vasitəsilə Zəngəzur dəhlizi üzərindən Türkiyəyə və digər istiqamətlərə daşınması, həmçinin Qazaxıstanın təbii resurslarının və Özbəkistanın sənaye məhsullarının nəqli üçün yeni imkanlar yaranacaq: 

 

 

“Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, ölkəmiz mühüm nəqliyyat-logistika layihələrinin iştirakçısıdır. Zəngəzur dəhlizi Azərbaycanın bu sahədəki imkanlarını daha da genişləndirəcək və yeni fürsətlər yaradacaqdır. Bu, eyni zamanda, Azərbaycanın siyasi-diplomatik çəkisinə də müsbət təsir göstərəcəkdir”. 

 

 

Politoloq bildirir ki, ölkəmiz bu gün beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində fəallıq nümayiş etdirir, real təsir imkanlarına malikdir. Zəngəzur dəhlizi Azərbaycanın beynəlxalq əməkdaşlıqda iştirak imkanlarını daha da genişləndirəcək və yeni potensial yaradacaqdır:

 

 

“Bu baxımdan bir daha vurğulamaq istəyirəm ki, Zəngəzur dəhlizinin tikintisinə 2027-ci ildə başlanması nəzərdə tutulur və onun açılması istiqamətində texniki işlər aparılır. Bu layihə regionda geosiyasi və geoiqtisadi fəallığı artırmaq baxımından mühüm strateji əhəmiyyət daşıyır”. 

 

 

Aynur Əhmədli

#rolu #əlaqələrin #azərbaycan #regional
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər