Zəngilandan dünyaya verilən mesaj: Regionda sülhün və inkişafın əsas təminatçısı Azərbaycandır
2026-cı ilin 10 may tarixi "Böyük Qayıdış" proqramı çərçivəsində xüsusi əhəmiyyət kəsb edir. Bu tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilana reallaşan səfəri təkcə növbəti infrastruktur baxışı deyil, dövlətimizin milli yaddaş və gələcək hədəflərini birləşdirən strateji mesajdır. Bu səfərin müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin doğum günündə reallaşması da təsadüfi deyil və ona əlavə rəmzi məna qatır. Bu isə sübut edir ki, səfər Ulu Öndərin ən böyük vəsiyyətinin gerçəkləşməsinin və Şərqi Zəngəzurun yenidən doğulmasının təntənəsidir.
Zəngilan bu gün Zəngəzur dəhlizinin üzərində yerləşməsi ilə təkcə regionun logistika qovşağı sayılmır. Bu ərazinin inkişafı, yenidən qurulması həm də Azərbaycanın sarsılmaz iradəsinin və quruculuq qüdrətinin dünyada tanınmasıdır.
Ulu Öndərin ən böyük arzusu və amalı doğma torpaqlarımızın işğaldan azad edilməsi, azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması, Şərqi Zəngəzurun və Qarabağın hər guşəsində üçrəngli bayrağımızın dalğalanması idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu vəsiyyətə sadiq qalaraq rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində torpaqları işğaldan azad etdi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin dərhal ardınca işğaldan azad edilmiş torpaqlarda dünya hərb və quruculuq tarixində analoqu olmayan genişmiqyaslı bərpa işlərinə start verildi. Azərbaycan dövləti otuz illik dağıntıların izini silmək üçün bütün resurslarını səfərbər edərək bu əraziləri yenidən inşa etməyə başladı. Dağıdılmış şəhərlərin və viran qoyulmuş kəndlərin yerində müasir standartlara cavab verən infrastrukturun qurulması, "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyalarının tətbiqi, dövlətimizin həm iqtisadi gücünün, həm də öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir.