Zabux yeni texnologiyalar əsasında salınıb
Laçın rayonu 10 noyabr bəyanatı ilə 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilməli olsa da, ermənilər Laçın şəhəri və ətraf kəndləri olan Zabux və Susu boşaltmaq niyyətində olmayıblar. Burada qanunsuz şəkildə məskunlaşdırılan erməni ailələri gedəcək yerlərinin olmadığını bəhanə gətirərək, 1 il 9 ay ərzində bu yaşayış məntəqələrindən çıxmadılar. Yalnız Prezident İlham Əliyevin Ermənistana qəti xəbərdarlığından sonra Laçın şəhəri və ətraf kəndləri tamamilə boşaldıldı. Avqustun 26-dan isə sözügedən yaşayış məntəqələri Azərbaycan dövlətinin nəzarətinə keçdi. Bu əraziləri tərk edən ermənilər yenə də terror əməllərindən əl çəkmədilər. Lakin Azərbaycan dövləti bütün bu çətinliklərin öhdəsindən gəlməyi bacardı. Qısa müddət ərzində ərazilər minalardan təmizləndi.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranovun sözlərinə görə, əvvəlcə ermənilərin Zabuxda inşa etdikləri 63 ev tamamilə ərazidən götürülərək 81 hektar ərazidə 223 ev salınıb. 223 evin 53-ü iki otaqlı, 116-sı 3 otaqlı, 28-i 4 otaqlı, 26-sı 5 otaqlıdır. 50 yerlik bir uşaq baxçası, inzibati bina, tibb məntəqəsi və park salınıb. Zabux kəndində aparılan tikinti işləri müasir texnologiyalar tətbiq edilməklə aparılıb. Evlərin işıqlandırılması ənənəvi elektrik enerjisi ilə bərabər, həm də günəş panelləri ilə işıqlandırılır. Ən əsası isə bütün bu işlər cəmi 5 ay ərzində görülüb. “Laçın rayonu dağlıq ərazidir. Bu dağlıq ərazidə qış çox sərt iqlim şəraitində keçir. Məhs onunla əlaqəli evlərin hər biri termo izolyasiya olunub. Bu da daxildəki istiliyin mühavizəsi, qorunub saxlanması nöqteyi nəzərindən çox əlverişlidir”. Vüqar İmranovun sözlərinə görə, digər lahiyələrdən fərqli olaraq Zabuxda bütün kommunikasiyalar yeni texnologiyalar əsasında işlənib. Yer üstündə heç bir kabel, işıq, qaz xətti yoxdur.
HABİL
