Zaporojyedə vəziyyət dəyişir: Müharibədə yeni dinamika
Zaporojye cəbhəsində vəziyyət kəskin şəkildə dəyişib. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Ukrayna ordusu son iki ilin ən böyük və sürətli irəliləyişini edərək 201 kvadrat kilometr ərazini geri qaytarıb. Ekspertlər hesab edir ki, bu prosesdə Rusiyanın rabitə imkanlarının zəifləməsi mühüm rol oynayıb. Bəs cəbhədə baş verən bu dönüş müharibənin gedişinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, Rusiya cəbhədə artıq geriləyir:
"Bu, Qərbin, əsasən də ABŞ-nin Ukraynaya hərbi və kəşfiyyat məsələlərində dəstəyi ilə bağlıdır. Danışıqlarda Ukraynanın üstünlük qazanması üçün də bu vacibdir. Müharibədə Ukraynanın üstünlük əldə etməsi, təbii ki, nəticəni və ümumi balansı da dəyişəcək. Artıq Rusiya müttəfiqlərini itirməkdədir. İran kimi digər müttəfiqləri isə daha ağır durumdadır. Bu, Rusiyanın siyasi nüfuzuna xələl gətirir və beynəlxalq aləmdən təcrid edir. Ukraynaya beynəlxalq dəstək hələ ki, yalnız siyasidir və bu da kifayət edəcək həddə deyil. Əgər Ukraynaya normal beynəlxalq dəstək olarsa, Rusiya mövqeyindən çəkilməyə məcbur ola bilər. Lakin indiki halda Rusiyanı yalnız hərbi cəbhədə Ukrayna üstələyərsə, o zaman hansısa təsirdən söhbət gedə bilər. Hazırda cəbhədə irəliləyiş əgər davamlı olmasa, nailiyyət sayıla bilməz. Çünki hərb sahəsində mütəmadi olaraq üstünlüklər dəyişə, əks cəbhəyə keçə bilir. Ukraynaya hazırda həm siyasi, həm də hərbi beynəlxalq dəstək olmasa, bu irəliləyişin danışıqlara həlledici təsiri və rolu olmayacaq".
Gövhər Mehyəddinova
