00:00:00
Yazar
Səmayə Səftərova
17.06.2026 20:56 28 2 dəq oxuma
Siyasət

Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib

Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib

Zelenski Kremlin təkzib etməsinə baxmayaraq, Putinə G7 sammitində danışıqlara qoşulmağı təklif etdiyini bir daha vurğulayıb. Ukrayna liderinin sözlərinə görə, Rusiya döyüş meydanında ayrı-ayrı istiqamətlərdə təşəbbüsü itirib və bir ay ərzində müdafiə qüvvələri istiqamətlərdən birində 100 kvadrat kilometr ərazini ələ keçirib. “Biz belə oyunlar oynamırıq, üçüncü bir ölkəyə ehtiyacımız var: bu, Rusiya və Ukrayna deyil”, - Zelenski Rusiyanın Moskvada görüş keçirmək təklifini şərh edərkən deyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, bu kontekstdə Bakı mümkün platformalardan biri kimi göstərilə bilər:

 

"Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin bir-birinə görüş təklif etsələr də, hər iki tərəf qarşı tərəfin bu təklifləri qəbul etməyəcəyini əvvəlcədən bilirdi. Zelenski Putini Kiyevdə görüşə dəvət edib, lakin Moskva bu təklifi rədd edib. Eyni zamanda, Ukrayna lideri də yaxşı anlayır ki, Putin Kiyevə səfər etməyəcək. Buna cavab olaraq Putin Zelenskini Moskvaya dəvət edib. Lakin Kreml də Ukrayna prezidentinin bu təklifi qəbul etməyəcəyini bilirdi. Çünki Moskvaya səfər Zelenskinin işğalçı hesab etdiyi dövlətin liderinin qarşısına getməsi kimi qiymətləndirilə bilər və bu, Kiyev üçün qəbuledilməz görünür. Daha sonra Zelenski görüşün G7 sammiti çərçivəsində keçirilməsini təklif edib. Putin isə bu təklifi də qəbul etməyib. Kremlin neytral meydan hesab oluna biləcək platformada görüşdən yayınması həm siyasi, həm də psixoloji amillərlə bağlıdır. Belə ki, G7-yə üzv ölkələrin əksəriyyəti Ukrayna məsələsində Rusiyaya qarşı mövqe tutur və bu da Moskvanın həmin formatda görüşə marağını azaldır".

 

Müsahib bildirib ki, tərəflər arasında yeni görüş təkliflərinin irəli sürülməsi istisna deyil. Lakin belə bir görüş yalnız hər iki tərəfin qəbul edə biləcəyi neytral məkanda baş tuta bilər:

 

"Bu kontekstdə Bakı mümkün platformalardan biri kimi göstərilə bilər. Azərbaycanın həm Rusiya, həm Qərb ölkələri, həm də digər beynəlxalq tərəfdaşlarla münasibətlərini balanslaşdırmağa çalışdığı vurğulanır. Moskva və Kiyev görüş üçün uyğun məkan sayılmır. Türkiyə formatı isə daha əvvəl bir neçə dəfə sınaqdan keçirilsə də, ciddi nəticə verməyib. Avropa ölkələri münaqişədə tərəf kimi qəbul olunduğundan, həmin ölkələr də ideal vasitəçi hesab edilmir. ABŞ variantı isə Vaşinqtonun mövqeyi ilə bağlı bəzi tərəflərdə suallar yarada bilər. Bununla belə, son dövrlərdə döyüş meydanındakı vəziyyətin dəyişməsi və G7 ölkələrinin Rusiyaya təzyiqləri artırmaq istiqamətində addımlar atması yeni diplomatik imkanlar yarada bilər. Həm hərbi vəziyyətin inkişafı, həm də beynəlxalq təzyiqlərin artması Moskvanı müəyyən güzəştlərə və danışıqlara daha açıq mövqe tutmağa sövq edə bilər. Lakin bunun yaxın vaxtlarda baş verəcəyinə dair qəti təminat yoxdur".

 

Səmayə Səftərova

#Rusiya #Ukrayna #görüş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər