Zelenski Putinə ABŞ və Avropa liderlərinin iştirakı ilə danışıqlar təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Fransada keçirilən "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirməyi təklif edib.Zelenskinin sözlərinə görə, görüş ABŞ və Avropa ölkələri liderlərinin iştirakı ilə baş tuta bilər və bu da danışıqlar üçün əlverişli şərait yaradar.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında ABŞ və Avropa liderlərinin iştirakı belə bir görüşü sadəcə Kiyev-Moskva təması olmaqdan çıxarıb daha geniş beynəlxalq zəmanət formatına çevirə biləcəyini bildirib:
“Tramp və Makronun iştirakı Putinə siyasi təzyiqi artırar, Zelenskinin mövqeyini isə gücləndirər. G7 platforması burada sülh danışıqlarının başlanması, atəşkəs mexanizmi, təhlükəsizlik zəmanətləri və Rusiyaya qarşı sanksiya təzyiqinin əlaqələndirilməsi üçün mühüm diplomatik meydan ola bilər. Zelenski bu təklifi məhz G7-də ABŞ və Fransa liderlərinin iştirakı ilə görüş üçün əlverişli fürsət kimi təqdim edib”.
Siyasi şərhçi Rusiya liderinin bu təklifi qəbul edəcəyi təqdirdə, sammit çərçivəsində müzakirə olunacaq əsas mövzulara da toxunub:
“Əgər Putin bu görüşü qəbul etsə, əsas müzakirə mövzuları atəşkəs, əsir və girovların dəyişdirilməsi, Ukraynanın təhlükəsizlik təminatları, işğal olunan ərazilərin gələcək statusu və Rusiyaya qarşı sanksiyaların taleyi ola bilər. Amma indiki mərhələdə Moskvanın belə görüşə hazır olmadığı görünür; üstəlik, G7 fonunda Rusiyanın Kiyev və Xarkova hücumları etimadı daha da zəiflədir. Ona görə də bu təşəbbüs real sülhdən çox, hələlik diplomatik təzyiq və beynəlxalq konsolidasiya addımı kimi qiymətləndirilə bilər”.
Zəri Bayramlı