Zelenski-Tramp görüşü: Rusiya-Ukrayna danışıqları yenidən başlaya bilərmi?
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi ilə bağlı razılığın əldə olunması Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik prosesin yenidən gündəmə gəlməsinə səbəb olub. Görüşdə müharibənin dayandırılması və Rusiya-Ukrayna danışıqlarının bərpası ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Tural İrfan bildirib ki, Zelenski və Tramp arasında görüş Rusiya-Ukrayna danışıqlarının yenidən başlaması üçün zəmin yarada bilər.
Politoloqun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prosesdə tutduğu mövqe də xüsusi əhəmiyyət daşıyır. O hesab edir ki, Ankara daha praqmatik yanaşma nümayiş etdirərək həm Ukrayna, həm də Rusiya ilə dialoqun davam etdirilməsinə çalışır.
“Ərdoğan daha praqmatik təkliflərlə məsələyə yanaşır. Eyni zamanda Rusiyaya da bu danışıqlar mövzusunda təkliflərini təqdim etmək və nəticə tələb etmək əzmindədir. Məlumdur ki, Rusiya da müharibənin davamlı olmasında maraqlı deyil. Lakin Avropa ölkələrinin konkret olaraq mövqeyi ziddiyyətlidir. Türkiyə hər zamankı kimi bu məsələdə də barışdırıcı, uzlaşdırıcı mövqe tutur, ona görə də görüşdən müsbət nəticələr gözləmək olar”, - Tural İrfan bildirib.
Politoloq qeyd edib ki, danışıqların bərpası mürəkkəb prosesdir və tərəflərin mövcud mövqeləri əsas maneələrdən biri olaraq qalır. Ukrayna ərazi bütövlüyünün tam bərpasını və Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasını tələb edir. Moskva isə nəzarət etdiyi ərazilərin statusunun tanınmasını və Kiyevin neytral mövqe tutmasını əsas şərtlər sırasında göstərir.
Bu ziddiyyətlərin fonunda Qərbin və ABŞ-ın mövqeyi də sülh prosesinin gələcək istiqamətinə təsir edən mühüm amillərdəndir.
Tural İrfanın sözlərinə görə, danışıqların bərpası yalnız liderlərin siyasi iradəsindən deyil, həm də Ukraynaya hərbi və iqtisadi dəstək verən Qərb dövlətlərinin, xüsusilə ABŞ-ın sülh prosesinə hansı formatda yanaşacağından asılıdır.
“Odür ki, Ərdoğan-Zelenski görüşü danışıqların bərpası üçün vacib bir başlanğıc nöqtəsi və katalizator ola bilər. Lakin cəbhədəki hərbi vəziyyət və Kremlin real sülh danışıqlarına nə dərəcədə hazır olması bu görüşün nəticələrini müəyyən edən əsas faktor olaraq qalır”, - deyə politoloq vurğulayıb.
Ekspert hesab edir ki, istənilən halda diplomatik təmasların intensivləşməsi müharibənin siyasi yolla həlli imkanlarını gündəmdə saxlamaq baxımından əhəmiyyətlidir. Bu prosesdə Türkiyənin vasitəçilik təşəbbüsləri isə Ankara üçün regional diplomatiyada mühüm rolunu qoruyub saxlamaq imkanı yaradır.
Nurgün Qənizadə