Zəfər sevinci
Bu gün dağlar başında yerləşən Şuşanı Azərbaycanın yenilməz ordusu bizlərə geri qaytardı. Bir qanadı qırılmış xəritəmiz dəmir yumruğun gücü ilə yenidən bərpa olundu. Torpaqlarımız kimi xəritəmiz də bütövləşdi, bərpa olundu. Bu xəritə qəhrəman ordumuzun, şəhid övladlarımızın qanı ilə birləşdi. Üzərindən şəhidlərimizin, qazilərimizin qanı axdı. Ancaq zəfər yürüşümüz sonunda qələbə ilə taclandı.
İndi isə söz tələbə jurnalistlərindir. İnformator.az həmin müsahibəni təqdim edir.
Günel Ayxan: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu
.png)
Bu gün şanlı Zəfər tariximizdən 3 il ötür. Bu tarixə şahidlik etmək mənim üçün çox qürurvericidir. 44 gün - Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılan şanlı zəfərimizin ömrüdür. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü nümayiş etdirdi.
Nurcan İsmayılova: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi
.png)
Zəfər günümüz cümlələrlə ifadə oluna bilməyəcək qədər əsrarəngiz bir hissdir, onu yaşamaq lazımdır. Bu günü bizə bəxş edən isə şəhid və qazilərimizdir. Hər bir azərbaycanlı Zəfər bayramını təkcə 8 Noyabr deyil, hər gün qəlbində hiss edir. Qalib ölkənin vətəndaşı olmaq və onun zəfərini qeyd etməkdən qürur duyuram. Dünya azərbaycanlıların Zəfər bayramını təbrik edirəm.
Məmmədtağıbəy Nağıbəyov: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi
.png)
Azərbaycan strateji əhəmiyyətli coğrafi mövqeyi, ticarət yolları üzərində yerləşməsi və zəngin yeraltı sərvətləri səbəbilə həm qədim zamanlarda, həm də günümüzdə bir çox dövlətlərin maraq dairəsində olan bir ölkədir. Elə bu tale səbəbindən savaş bu torpaqlardan əksik olmur. Son üç əsr ərzində Azərbaycan bir çox işğallara, hücumlara məruz qaldı və kilometrlərlə torpaq itirdi. Lakin son bir neçə ildə baş verən hadisələr sanki üç əsrlik uğursuz tilsimi sındırdı. Nadir Şahın ölümündən sonra ilk dəfədir ki, son bir neçə il ərzində Azərbaycan müzəffər xarici siyasət və hərbi əməliyyatlar aparır və nəyə qadir olduğunu hər kəsə sübut edir. Bu tilsimin sındırılmasında əsas faktor şübhəsiz ki, doğru yeridilən xarici siyasətdir. İqtisadi müqavilələr ilə xarici kapital ölkə ərazisinə cəlb olunur, iqtisadiyyatda dirçəlmə və xaricdən asılılığın aradan qaldırılması baş tutur. Bunun nəticəsidir ki, artıq daha rahat hərəkət edir ölkəmiz. Mən belə düşünürəm ki, bu qələbədə hər şeydən artıq Azərbaycan xalqının və onun mərhum lideri Heydər Əliyevin, ardınca onun yolunu davam etdirən İlham Əliyevin payı, əməyi çox böyükdür. Heydər Əliyev modern Azərbaycanın təməllərini atdı. Əsrin Müqaviləsi ilə Azərbaycanın dirçəldilməsində misilsiz bir xidmət göstərdi. İlham Əliyev isə məsələdə son nöqtəni qoyaraq bu uğursuz tilsimi sındırdı. Şübhəsiz ki, xalqımız da bütün cəfa və əziyyətlərdən sonra yenə şəhid xəbərlərinə sinə gərdi və öz liderinə dəstək oldu. Şəhidlərə və Heydər Əliyevə Tanrıdan rəhmət, liderə uzun ömür diləyirəm.
Həcər Əmiraslanlı
