ZİBİL QUTULARI VAR, TƏMİZLƏYƏN YOXDUR
Abşeronun bitməyən zibil problemi. Bu dəfə də Xırdalan sakinləri bu problemlə qarşı-qarşıyadır. Xırdalan şəhər Nəsibə Zeynalova küçəsində zibil yeşikləri var, amma təmizləyən yoxdur. Havaların bir neçə gündür necə isti keçdiyini nəzərə alsaq, ordakı mənzərəni, xüsusilə qoxunu təsəvvür etmək heç də çətin deyil. Ərazidə üfunət iyindən dayanmaq mümkün deyil. Zibil qutuları dolub, daşır. Qutular vaxtı-vaxtında təmizlənmədiyindən sakinlər zibillərini qutuların kənarına atmaq məcburiyyətindədilər. Sakinlərin sözlərinə görə, dəfələrlə müraciət etmələrinə baxmayaraq, problemin həlli istiqamətində heç bir addım atılmayıb. Havalar isindikcə ərazidəki vəziyyət daha da acınacaqlı olur. “Biz pəncərələri açıq qoya bilmirik, təmiz hava ala bilmirik.Təmizliyi olmalıdır, əməlli-başlı infeksiya yuvasıdır, belə vəziyyət olmaz”, “İtlərin əlindən burda gəzmək olmur. İstilik bir yandan, ağcaqanad bir yandan. Nə evdə paltar asa bilirlər, biraz da külək oldu, zibil həyətdədir”, “Xəstəlikdir başdan-ayağa, bir dəfə yığışdırırlar, 5 gün yığışdırmırlar. Elə ona görə də yığılır burda”, “Bir indi deyil, 50 ildir bu belədir elə. Hər yerə də şikayət olunub, deyiblər, gəlmirlər”.
Abşeron rayon Abad və Kommunal Xidmətlər İdarəsinin əməkdaşı İlham Qasımov isə deyir ki, sözügedən ərazi hər gün təmizlənir. “Olur ki, bir saat, iki saat maşın gecikir, gecikən kimi belə hallar baş verir. Yeşiklər tez dolduğuna görə, sakinlər də gəlib yerə atırlar, belə bir hallar baş verir. Sakinlər çoxdur, çatdırmaq olmur”. O ki qaldı zibil yeşiklərinin sayının az olmasına, aidiyyatı qurumun nümayəndəsi İcra nümayəndəliyinə bu barədə məlumat verdiklərini, yaxın zamanlarda yeni qutuların gətiriləcəyini bildirir.
Ümid edirik ki, sözügedən ərazi üçün nəzərdə tutulan konteynerler tez bir zamanda Xırdalan sakinlərinin istifadəsinə verilər. Əks halda, bu mənzərə xəstəlik mənbəyinə çevrilə bilər.
Lamiyə
