Zibili sərnişin atırsa, sürücü məsuliyyət daşıyır?-HÜQUQŞÜNASDAN AÇIQLAMA
Hərəkətdə olan nəqliyyat vasitələrindən yola zibil atılması cəmiyyətdə tez-tez rast gəlinən hallardan biridir. Lakin sürücü və ya sərnişinin bir neçə saniyəlik rahatlığı bütöv bir şəhərin görüntüsünü korlayır, təbiəti zəhərləyir və yol təmizləyənlərin əməyinə hörmətsizlik yaratmış olur. Küçə və yolların təmiz saxlanılması isə yalnız aidiyyəti qurumların deyil, hər bir sürücü və sərnişinin məsuliyyətidir.
Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 352.2-ci maddəsinə əsasən, yollara və ya yol qurğularına tullantıların, eləcə də nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir.
Hüquqşünas sərnişinin atdığı tullantıya görə, sürücünün cərimələnib-cərimələnməyəcəyi məsələsinə də xüsusi aydınlıq gətirib:
“Avtobus sərnişininin plastik qab, kağız və ya digər əşyanı avtobusun pəncərəsindən və ya digər hissəsindən kənara atması halında, ümumi qayda olaraq, inzibati məsuliyyət həmin hərəkəti bilavasitə törədən sərnişinin üzərinə düşür. Sərnişinin törətdiyi belə əmələ görə avtobus sürücüsünün yalnız nəqliyyat vasitəsini idarə etməsi faktına əsasən avtomatik olaraq inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Sürücü yalnız ayrıca inzibati xəta törətdikdə və ya qanunvericiliklə üzərinə konkret vəzifə qoyulduğu halda məsuliyyət daşıya bilər.
Avtobusdan tullantı atılması hadisəsində məsuliyyətin müəyyən edilməsində əsas meyar tullantını faktiki olaraq kimin atması və həmin şəxsin kimliyinin dəqiq müəyyən edilməsidir”.
Zəri Bayramlı