Əziz abituriyentlər, bunları bilmədən ixtisas seçimi etməyin!
Hazırda abituriyentlərin ali təhsil müəssisələrinə qəbulu üzrə ixtisas seçimləri davam edir. Bu günlərdə "Tələbə adını qazan biləcəyəmmi?" sualı bütün abituriyentlərin ağlında daha kəskindir. Bəs bu adı qazanmaq üçün abituriyentlər nələrə diqqət etməlidir?
Bu mövzuda təhsil eksperti Elçin Muradov informator.az saytının əməkdaşının suallarını cavablayıb. O deyir ki, seçim edən abituriyentlər mütləq "Abituriyent 2" və "Abituriyent 4" jurnallarına yaxşı bələd olmalı, bu iki jurnalı qarşılaşdıraraq müqayisədə plan yerlərinin artımı ilə bağlı statistikalara nəzər yetirməlidirlər. Bunlar nəzərə alınmadan edilən seçimlər yanlışdır" deyən ekspert statistikalara istinadən bu ilki plan yerləri haqqında məlumatları bizimlə bölüşdü:
"Bu il I qruplar üçün dövlət sifarişli plan yerlərinin sayı artırılıb, daha çox I qrupları nəzərə alıblar. Ümumiyyətlə, plan yerlərinin sayı artırılıb və bunun 28 minə yaxını dövlət sifarişli yerlərin payına düşür. Statistikada nəzərə alınan başqa tərəflər isə bu ilin abituriyent sayı ilə keçən ilin abituriyent sayı arasındakı fərqlərdir. Məsələn, bu il 210 -220 aralığında bal toplayan abituriyent sayı keçən ilə nisbətən çoxdursa, bu, o deməkdir ki, həmin ballar arası ixtisaslarda müəyyən qədər qalxma ola bilər. Əgər bu ilki abituriyentlərin sayı keçən ilkinə nisbətən azdırsa, həmin bal aralığındakı ixtisaslarda enmə müşahidə olunacaq".
Ekspert onu da qeyd edir ki, bu il III qrupda 350-dən yuxarı ballıq ixtisaslarda müəyyən qədər enmə olacaq: "I qrupda isə 150 ballıq ixtisaslar uğrunda kifayət qədər güclü rəqabət gedəcək. Buna səbəb isə I qrupdakı ortalama 42% abituriyentin blok imtahanında 100 balı keçə bilməməyidir. Müsabiqə şərtlərinə əsasən həmin şəxslər ümumilikdə 200-dən çox bal toplasalar belə yalnız 150 ballıq ixtisasları seçə biləcəklər. Ona görə də I qrupda bu aralıqda bal toplayan abituriyentlərdə kəsilmə halları artıq ola bilər".
"II qrupda vəziyət yaxşıdır" deyən ekspertin onlar üçün proqnozları isə bir qədər ürəkaçıcıdır. Onun sözlərinə əsasən, I qrupdan fərqli olaraq II qrupda 150-dən yuxarı bal toplayıb müsabiqə şərtini ödəyən şəxslər diqqətli şəkildə seçim etdikləri təqdirdə onların tələbə adını qazanma şansları 95%-dir.
Elçin Muradov əlavə edir ki," IIIqrupda 200-dən çox bal toplayan abituriyentlər düzgün ixtisas seçsələr müsabiqdən kənar qalmayacaqlar: "Bu hal IV qrup abituriyentləri üçün də eynidir. Lakin ümumilikdə buraxılış balı müəyyən qədər yaxşı olan əksər abituriyent blok imtahanında 100 balı keçə bilməyib. Bu səbəblə 5 ci qrupa müraciətlər çox olacaq. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar uğrunda mübarizə gedəcək. Və V qrup üçün balların artımı nəzərdə tutulur".
Yekunda mütləq "Abituriyent 2" jurnalı ilə yanaşı "Abituriyent 4" jurnalı ilə də tanış olmağı tövsiyə edən ekspert deyir ki elə ixtisaslar var ki, "Abituriyent 2" jurnalında yoxdur, ancaq "Abituriyent 4" jurnalında var: "Bəzi abituriyent və valideynlər bundan xəbərsiz olduqları üçün o ixtisaslara müraciət etmirlər. "Abituriyent 2" jurnalında olan keçən ilki ixtisaslara əsasən seçim edir və "Abituriyent 4" jurnalında olan təzə açılmış ixtisaslardan məhrum olurlar. Buna mütləq diqqət etmək lazımdır. Əgər valideyn və abituriyent bu statistikaları analiz etməyi bacarmırsa, mütləq surətdə bir mütəxəssisə müraciət etmələri lazımdır".
Seçim mərhələsində iştirak edən abituriyent Aysu Rüstəmova yaşadığı çətinliklər barədə danışdı. Onun dediyinə görə ən çox çətinliyi ixtisasdan çox, universitet seçimi edərkən yaşayıb. İxtisasının gələcək taleyindən çox hansı universitetin onu peşəkar kadr kimi yetişdirə biləcəyi haqqında düşünüb. Bu mənada araşdırmalar aparmaq, lazımi informasiyanı əldə etmək onun üçün bir qədər əziyyətli olub:
"Bu, mənim üçün sadəcə bir ixtisas seçimindən ibarət deyil, gələcəyimi hansı cığırla aparacağımın qərarıdır. Bu gün yetərsiz məlumatla seçdiyim ixtisas və ya univeristet gələcəkdə məyusluğuma səbəb ola bilər. İmtahan nəticələrinin elanından sonra isə kifayət qədər vaxtım olmalı idi ki, bu barədə düşünüm. Lakin buna baxmayaraq mən hələ də qərarsızlıq içindəyəm. Universitetə gediş yolunda bu mənim üçün ən ağır mərhələlərdən oldu. Ümid edirəm ki, mən və digər abituriyent yoldaşlarım tələbə adını qazanarıq və etdiyimiz seçimlər gələcək həyatımız üçün uğurlu addım olar".
Zibeydə Əlizadə
