00:00:00
Yazar
Admin User
14.11.2023 13:41 348 3 dəq oxuma
Sosial

Zooparkın həyətinda ağacları qırıb universitet açırıq, sonra da deyirik ki, Bakı…

Zooparkın həyətinda ağacları qırıb universitet açırıq, sonra da deyirik ki, Bakı…

“Azərbaycanda Bakı şəhərinin planlaşdırılmasında ciddi problemlər var. Bakının rəsmi əhalisinin statistikasında faktiki hesab edirlər ki, paytaxtın əhalisi 3 milyondur. Bu barədə müxtəlif səsləndirmələr öz əksini tapır. Əslində olan, 2 milyon civarındadır”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib. O qeyd edib ki, 3 milyon elə də böyük say deyil.

 

“Məsələn, Türkiyənin İzmir şəhərinin əhali sayı Bakıdan dəfələrlə böyükdür. Çində bəlkə də, 20-30 şəhər saya bilərik ki, onun 20-30 milyonluq əhalisi var. Amma bu həmin şəhərlərin harasa köçürülməsi, yaxud şəhərlərin ləğvi kimi məsələlərə gətirib-çıxarmır”.

 

Ekspert şəhərlərin infrastrukturu düzgün planlaşdırılmadığını düşünür.

 

“Kanalizasiya sisteminə ciddi nəzarət edilməli, şəhərlərdə evlərin tikintisi zamanı məhdudiyyətlər olmalıdır. Şəhərin hər yerində, hara gəldi bina tikintisina icazə verilməməldir. Parkinq imkanlarına ciddi şəkildə baxılmalıdır”.

 

Xalid Kərimli deyib ki, biz kortəbii balaca bir ərazidə bütün əhalini yığırıq, sonra da deyirik ki, belə bir problem var, əziyyət çəkirik.

 

“Bakının genişləndirilməsi kifayət qədər mümkündür. Elə ətraf kəndlər var ki, gedirsən boş ərazilərdir. Məsələn, Abşeronun yarımadasının özü. Şəhərin genişlənməsini şimal və cənub istiqamətlərində planlaşdırmaq daha məqsədəuyğundur. Ancaq Abşeron yarımadası ilə kifayətlənmək düzgün deyil. Paytaxtda düzgün planlaşdırılma həyata keçirilməyib. İndinin özündə də yerləşmə qaydalarında bir plan yoxdur ki, şəhər hansı istiqamətdə böyüsün”.

 

Ekspertin sözlərinə görə, Bakı elə də böyük şəhər deyil.

 

“Universitetlərin köçürülməsi təbii ki, iş yerlərinin yaranmasına da gətirib-çıxara bilər, tıxaca da təsir edər. Bunun örnəyini biz yay aylarında müşahidə edirik. Bunları etsək bir qədər yük azalar. Amma sosial məsələləri də nəzərə almaq lazımdır”.

 

Xalid Kərimli universitetlərin köçürülmə məsələsinə dair öz etirazlarını bildirib.

 

“Məsələn, elə müəllimlər var ki, bir neçə universitetlərdə, məktəblərdə dərs deyir. Onun oturuşmuş sosial həyatı var. Bu sosial qərardır. Müəllimlərin hərəkət etdirilməsi “copy-paste” deyil ki. Bakıda yaxşı binanı tikə bilərik. Necə ki, biz yaxşı məktəblər tikirik, amma təhsili inkişaf etdirə bilmirik. Necə ki, yaxşı diaqnostika mərkəzləri tikirik, amma səhiyyə problemlərini həll edə bilmirik. Vətəndaşlarımız müalicə almaq üçün İran və Türkiyəyə üz tuturlar”.

 

İqtisadçı qeyd edir ki, bina tikilsə də, mühiti yaratmaq çox çətin məsələdir.

 

“Tələbələr məcbur gedəcək, amma müəllimlər arasında çoxlu itkilər olacaq. Burada çox ciddi investesiyalardan söhbət gedir. Maliyyə Nazirliyinin danışığından belə başa düşdüm ki, ölkənin büdcə imkanları məhdudlaşır. Hətta bu il keçən ilə müqayisədə neft fondundan 1 milyarddan çox vəsait götürülüb ki, ən azından cari vəziyyəti qorumaq mümkün olsun”.

 

X.Kərimli Qarabağ və Şərqi Zəngəzurun bərpasının ciddi vəsait tələb etməsindən söz açıb.

 

“Biz yol hərəkətini tənzimləyə bilmirik, binaları şəhərlərdə düzgün yerləşdirə bilmirik, fikirləşirik ki, Bakını götürüb-aparaq Qəbələyə, paytaxtı biraz orda, biraz burda inkişaf etdirək.Ramiz Rövşənin məşhur bir şeiri var: “Bu Ramizi kim aparar, Bu Ramiz olmayan yerə?” Biz hara getsək də, həmin yeri korlayacayıq, həmin yerdə problemlər yaradacayıq”.

 

İqtisadçı ortaya qoyulan fikirlərə qarşı öz narazılığını bildirib.

 

“Həll yolu olsaydı, son tikilən universitetdə-Azərbaycan Diplomatika Akademiyasında ağacları qırmağa məruz qalmazdıq. Gəldik zooparkın həyətinda ağacları qırdıq, şəhərin mərkəzində, metronun yanında universitet açdıq. Ağacları qırıb, binalar tikdik. Hansı ki, bilirik ki, ağac çox vacibdir, onu yetişdirmək çox çətindir. Bakının mərkəzində bu cür parkların olması insanların həyatına çox müsbət təsir edər. Bəs, biz nə etdik? Universiteti biraz kənarda, Xırdalanda da aça bilərdik. Yeni universitetləri açmağı düşünmək, götürüb başqa yerlərdə universitetlər inşa etmək dövlət vəsaitinin səmərəsiz xərclənməsindən başqa, bir işə yaramayacaq”, - deyə ekspert əlavə edib.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər