Zərərli münasibətlərin artımı
Münasibətlərdə gaslighting, love bombing və digər manipulyasiya formaları daha tez-tez görünməyə başlayıb. Sosial şəbəkələrin təsiri ilə qaranlıq psixologiya trendləri sürətlə yayılır və insanlar bunun fərqində olmadan təsir altına düşür. Bəs bu davranışlar niyə populyarlaşır və insanlara necə təsir edir?
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova “İnformator.az”a açıqlamasında bildirib ki, belə manipulyasiya üsulları insan psixikasında dərin izlər buraxır və onların fərqində olmaq həyati önəmlidir:
“İnsanın manipulyasiya olunduğunu anlaması üçün ilk olaraq qarşıdakı insanın ona həddindən artıq sürətli şəkildə daha yaxın münasibət göstərməsini müşahidə etməlidir. Əgər biz bunu cütlüklər arasında görürüksə, bəzən müşahidə olunur ki, bir qız, bir oğlanın münasibətini almaq istəyirsə, hətta onun anasını tanımadığı halda belə sürətli şəkildə ona yaxınlaşmağa, isti münasibət göstərməyə çalışır. Bu səmimiyyətdən və ya isti münasibətdən irəli gəlmir, qarşı tərəfi ələ keçirmək məqsədi güdür. Düşünür ki, “onun anasına qarşı isti davranış göstərsəm, o oğlan məni daha çox sevəcək”. Bəzən də görürsünüz ki, qarşı tərəf hər xırda şeyə reaksiya verir və həmin xırdalıqlar üzərindən güvən qazanmağa çalışır, məqsəd isə sadəcə gələcəkdə özünə daha rahat mühit yaratmaqdır. Halbuki, reallıqda bu, manipulyasiyadır. Həmin şəxs hər şeyi olduğu kimi deyən biri deyil. Hətta bəzən insanlar özlərinə söz artıraraq danışmağa meylli olurlar”.
Psixoloq eyni zamanda sosial şəbəkələrdə zərərli münasibətlərin yayılmasını insanların öz fikrinə çox inanmasında görür:
“Sosial şəbəkələrdə toksik davranışların artması və bu haqda çox danışılması da buna bağlıdır. Çünki insanlar düşünür ki, “mənim dediyim hər söz aforizmdir”. Hər kəs öz ağlından razıdır, heç kim ağlından şikayət etmir. İki sözü düzgün birləşdirə bilən bir çox insan artıq natiqliyindən istifadə edərək özünü digərlərindən üstün görür. İnsan həm bioloji, həm də sosial varlıqdır. Bioloji emosional ehtiyaclarla yanaşı, sosial münasibətlərdə də davranışlar formalaşır. Toksik münasibətlər də bu sosial çərçivədə yaranır. Manipulyasiya qarşısında özünü qorumağın ən effektiv yolu isə budur: insan qarşısındakını dinləyərkən onun sualına cavab verməkdən çox, onun verdiyi sualdan onun intellekt səviyyəsini analiz etməli və həmin səviyyəyə uyğun olaraq manipulyasiyaya nə qədər meyilli olduğunu anlamalıdır. Bəzən elə insanlar olur ki, deyirlər: “5 dəqiqəyə bunu edə bilərəm”, amma bu vaxta qədər heç bir real addım atmadan sadəcə danışıqla özlərini daha güclü göstərirlər. Belə hallarda uğurlu və uğursuz insanları fərqləndirmək mümkündür. Uğurlu insanların adından, münasibətlərindən danışaraq, sanki o uğurun bir hissəsi imiş kimi özlərini təqdim edirlər. Halbuki, şəxsi nailiyyətləri yoxdur. Bu cür davranışları müşahidə edən insanlar təbii ki, həmin şəxslərdən uzaq durmağa çalışacaqlar”.
Zəri Bayramlı
