Azərbaycan və Ermənistan arasında regional münasibətlər necə qurulmalıdır?

Bölmə: Siyasət › ,
Tarix: 19:13 10.07.2024

 Keçmiş münaqişənin başa çatması ilə bölgədə yeni reallıqların, sülh, sabitlik və əməkdaşlığın qurulması üçün yeni imkanlar yaranıb.



Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Gülüstan sarayında Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 105 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı qeyd edib. Nazir əlavə edib ki, qarşı Ermənistan tərəfi üçün isə ərazi iddiaları yerinə regional əməkdaşlığı seçmək vaxtı gəlib çatıb.


Ermənistan Azərbaycanla regional münasibətlərini necə qurmalıdır?

Bununla bağlı Azərbaycanın mövqeyi nədir?


Politoloq Aqşin Kərimov   "informator.az"a açıqlamasında suallarımızı cavablayıb.

Siyasi şərhçi qeyd edir ki, Azərbaycan  bu təhlükəli tendensiyanı zərərsizləşdirməkdən ötrü Ermənistan qarşısında yeni şərtlər irəli sürür.

 



"Azərbaycanla Ermənistan arasında yekun sülh üçün yaxınlaşma tendensiyası artdıqca problemli məsələlərin miqyası üzrə də yeni narrativlər ortaya çıxır. Azərbaycanın Ermənistanda Konstitusiyanın dəyişdirilməsi tələbinin  qaldırması İrəvanın regiondakı reallıqları dəyişdirmək planlarına qarşı kontur addımlardır.
Ermənistan güc qarşıdurmasının ürəyi olaraq qalmaq istədikcə, Azərbaycanın da belə preventiv və daha iddialı tezislər irəli sürəcəyi gözləniləndir. Bu, Azərbaycanın strateji cəhətdən müdafiə immunitetidir və perspektiv üçün sülh və təhlükəsizlik modelini əhatə edən yanaşmasının ifadəsidir."

 


Politoloq  sonda əlavə edir ki, Azərbaycanla Ermənistan sülh sazişi üçün lazım olan təməl daşlarını qoya bilib.

 

"Müsbət impulslar və qarşılıqlı razılaşmalar əsasında verilən qərarlar, o cümlədən sərhədlərin delimitasiyası sülhə olan ümidləri artırır.
Azərbaycan təkcə Ermənistanla sülh gündəliyi deyil, həm də Ermənistan-Türkiyə arasında normallaşmanın və regionda mühüm geosiyasi dəyişikliyin açarı üzərində işləyir.
Amma Ermənistanın Rusiyadan siyasi və hərbi cəhətdən uzaqlaşmaq, əvəzində tamamilə Qərbin ağuşuna sığınmaq barədə düşünməsi regiona müdaxilə təhlükələrini də artırır.
Azərbaycan bu müdaxilələrin qarşısında dayanaraq sülh gündəliyini irəlilətməyi hədəfləyir, ancaq qırmızı cizgilərinin keçiləcəyi təqdirdə güc tətbiqi ssenarisini da diqqətdə saxlayacaq".

 



Nərgiz Orucova