Hər an toqquşma ola bilər

Tarix: 23:21 11.07.2025
Yaponiya Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, Şərqi Çin dənizində müşahidə uçuşları həyata keçirən Çin təyyarələri Yaponiya təyyarələrinə çox yaxın məsafədə uçuş həyata keçirib.
Bildirilib ki, məsələ ilə bağlı Çinin Tokiodakı diplomatına məlumat verilib. Sözügedən insidentin təkrarlanacağı halda, toqquşma hər an ola bilər. Yaponiya Çini bu cür hərəkətlərdən çəkinməyə çağırıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Yaponiya-Çin münasibətləri həmişə gərgin vəziyyətdə olub:
“Çin və Yaponiya münasibətləri, bilirik ki, hər zaman kifayət qədər gərgin olub. Xüsusilə, keçən əsrin otuzuncu illərində Yaponiyanın Çinin şərq hissələrini və Mancurya bölgəsini işğalı, tərəflər arasında bu günə qədər dərin iz buraxıb. Yaponiya uzun müddət dünya siyasətində önəmli rol oynayan və iqtisadi potensialına görə ən önəmli ölkələrdən biri olub. İkinci Dünya Savaşında məğlub olandan sonra məhz Amerikanın “təhlükəsizlik çətiri” altında yaşamaqdadır və onun təhlükəsizliyinə Amerika Birləşmiş Ştatları təminat verir. Son otuz ildə ciddi şəkildə güclənən və iqtisadi gücünü qat-qat artıran, hazırda dünyanın ikinci qlobal gücünə çevrilən Çin də artıq bu iqtisadi potensialının nəticələrini görməkdədir. Özünün həm də siyasi və strateji maraqlarını təmin etməyə yönəlib. O baxımdan Çinin Sakit Okean hövzəsində öz rolunu artırmaq cəhdləri aydındır. Nəzərə alsaq ki, Çinin qeyd etdiyimiz kimi, Sakit Okeanda Yaponiya kimi bir rəqibi var, eyni zamanda Tayvan məsələsi həll olunmamış bir məsələdir və gələcəkdə dünya siyasətinin əsas proseslərinin Sakit Okean hövzəsində baş verəcəyini nəzərə alsaq, əlbəttə ki, Çinin bu ambisiyaları və artıq Yaponiya dəniz suları yaxınlığında uçuşlar etməsi, həm də öz gücünü nümayiş etdirmək kimi də dəyərləndirilməlidir. Bu, kifayət qədər riskli bir addım sayılır. Nəzərə alsaq ki, Çin son illər öz donanmasını dəfələrlə gücləndirib və aviadaşıyıcı təyyarələrin, gəmilərin sayını artırmaqdadır və bunların istehsalı ilə ciddi şəkildə məşğul olur. Bu o deməkdir ki, Çin özünü gələcəkdə İkinci Qütbün başında olan bir dünya gücü kimi təsdiq etmək istəyir və bunun üçün də öz bölgəsində, Sakit Okean hövzəsində tam dominantlığı hədəfləyib. Şübhəsiz ki, bu məsələdə onun qarşısında əsas Amerika, Yaponiya, Cənubi Koreya, o cümlədən Filippin, İndoneziya kimi dövlətlər də var. Yaponiyanın bu etirazı anlaşılandır. Məhz Çinin bu ambisiyalarının cilovlanması üçün Yaponiyada müəyyən addımlar atmaq məcburiyyətində qalacaq. Əlbəttə ki, bu cür hadisələr gələcəkdə birbaşa müəyyən toqquşmalara gətirib çıxara bilər deyə bilərik. Amma nəzərə alsaq ki, bu toqquşmaların olma ehtimalı da çox zəifdir, yüksək deyil. Çünki Çin də çox yaxşı başa düşür ki, Yaponiya Amerikanın təhlükəsizlik çətiri altındadır və Yaponiya ilə bağlı olacaq hər hansı bir hərəkət birbaşa Amerika ilə üzbəüz gəlmək deməkdir. Yaponiya məsələsinə qədər də, düşünürəm ki, hələ Tayvan məsələsi var və bu məsələ yaxın beş ilin ən ciddi problemlərindən biri kimi qarşımıza çıxacaq. Bütün hallarda, Çinin son illər Yaponiya dəniz suları yaxınlığında uçuşlar həyata keçirməsi bölgədə gərginlik potensialının nə qədər yüksək olduğundan xəbər verir”.
Lalə Qurbanlı