Avtomobil bazarında narazılıq: Qiymətlər niyə artır?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:49 03.09.2024

Son dövrlərdə avtomobil bazarında qiymət dəyişikliyi müşahidə olunur. Bəzi alıcılar qiymət artımından narazıdırlar. Onlar bildirirlər ki, benzin və dizelin qiymətində edilən dəyişiklikdən sonra qiymətlər arasında fərq var.

 

Avtomobillərin bahalaşmasında əsl səbəb nədir?

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli "informator.az"a açıqlamasında bildirib ki, avtomobil bazarında qiymətləri formalaşdıran bir neçə səbəb var:

 

"Bunlardan biri bazara gətirilən avtomobillərə qoyulan məhdudiyyətdir. Belə ki, sözügedən məhdudiyyət keçən il 2023-cü ilin aprel ayından başlayıb və onunla bağlıdır ki, 10 il istismar müddəti tamam olan avtomobillərə idxal olunmaq icazə verilmir. Qiymət artımı isə bununla əlaqəlidir ki, bazara çıxarılan avtomobillər daha yeni olur və bu avtomobillər isə daha bahadır. Bu il taksilərə də tətbiq olundu ki, 8-dən az yaşı olan avtomobillər ölkəyə gətirilə bilər. Digər səbəb isə idxal qiymətlərinin artımı ilə əlaqədardır. Avtomobili gətirmək xərci artıqca bu qiymətlərə də öz təsirini göstərir. Bunlarla yanaşı, əhalinin alıcılıq qabiliyyətinin yüksək olması qiymətlərin artmasına təsir göstərir. Əhalinin imkanı genişləndikcə bununla yanaşı elektrik, hibrid mühərrikli avtomobillərə güzəşt müəyyənləşdikcə əhalinin tədricən yeni avtomobillərə marağı artıb. Çünkü o avtomobillərin vergisi yoxdur".

 

Ekspert onu da bildirib ki, benzinin təsiri isə bazara qısa müddətli olacaq:

 

"Dizel yanacağı ilə 92 markalı benzinin qiyməti arasındakı əmlak fərqi 20 qəpik idi indi 10 qəpik olub. Bu isə ciddi bir fərq deyil. Sadəcə dizel yanacaqlı avtomobillərin ölkəyə gətirilməsi daha az baş verir".

 

Mehriban Nəsibova