Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:09 11.07.2025

Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb. Saziş iki ölkənin prezidentləri İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə imzalanıb.

 

Bu məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, zəngin Körfəz ölkəsi ilə Azərbaycanın dostluq münasibətlərinin inkişaf etməsi müsbət haldır:

 

"Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında münasibətlər uzun müddətdir ki, müsbət istiqamətdə inkişaf edir. İki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq mövcuddur və birgə layihələr həyata keçirilir. Eyni zamanda qarşılıqlı investisiya qoyuluşu da davam edir.

 

Yenidən belə bir sazişin imzalanması, əlbəttə ki, hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi deməkdir və bu da o deməkdir ki, BƏƏ nümayəndələri iqtisadiyyatın istənilən sahəsinə diqqət yetirə, müxtəlif istiqamətlərdə əməkdaşlıq edə bilərlər. Bu məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın Qarabağ bölgəsinə böyük investisiyaların yatırılmasına ehtiyac var. Ərazinin 20 faizi dağıdılıb və bu ərazilərdə yeni infrastrukturun qurulması, yaşayış məskənlərinin, sənaye müəssisələrinin, turizm obyektlərinin salınması üçün böyük sərmayələrə ehtiyac duyulur. Bu baxımdan, Birləşmiş Ərəb Əmirlikləri çox zəngin bir ölkədir və kifayət qədər güclü maliyyə imkanlarına malikdir.

 

Düşünürəm ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana ciddi investisiyalar qoya bilər və bu da ölkə iqtisadiyyatına mühüm faydalar verə bilər. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri dünyada azad iqtisadi zona kimi tanınır və burada əməkdaşlıq, ticarət əlaqələri və digər sahələrdə münasibətlər mövcuddur. Zəngin Körfəz ölkəsi ilə Azərbaycanın dostluq münasibətlərinin inkişaf etməsi müsbət haldır. Hazırda dünyanın bir çox ölkəsi daha çox investisiya cəlb etməyə çalışır. Hətta ABŞ-nin prezidenti Donald Tramp da dünyaya müraciət edərək Amerikaya investisiya yatırmağa, istehsal və sənaye müəssisələri qurmağa çağırırdı.

 

Düşünürəm ki, Azərbaycanın da buna böyük ehtiyacı var. Yeni investisiyalar, xüsusilə istehsal və sənaye sahəsində qurulacaq müəssisələr ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verə bilər".

 

Xədicə Məhərrəmli