Türkiyə-Ermənistan görüşü: Müzakirə edilən başlıca mövzular...-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 09:19 26.09.2024
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Görüşdə hansı məsələlər müzakirə edilib?
Bu barədə "İnformator.az"a müsahibəsində politoloq Turan Rzayev bildirir ki, Türkiyə ilə Ermənistan arasında görüşlərin keçirilməsi intensivləşib:
"Bu görüşün detalları açıqlanmasa da müzakirə edilən başlıca 2 mövzu var: 1-cisi Azərbaycanla sülh prossesi, 2-cisi Türkiyə Ermənistan münasibətlərinin normallaşması prossesi.
Əslində bu 2 prosses bir-biri ilə paralellik təşkil edir. Türkiyənin şərtləri bəllidir: Azərbaycanla sülh müqaviləsi imzalanmalı, münasibətlər normallaşmalı, daha sonra Türkiyə ilə sərhədlər açılmalıdır. Prinsip etibarilə Azərbaycanın bu görüşlə bağlı heç bir neqativ görüşü yoxdur. Biz yaxşı bilirik ki, sərhədlər açılarsa, Türkiyə şirkətləri Ermənistanın bazarına daxil olacaq, bu da Ermənistan iqtisadiyyatında Türkiyənin pay sahibi olması deməkdir. Həm də Türkiyənin təsir gücünü artırır. Ankara tərəfi Bakıyla təmasdadır. Daimi koordinasiyalı iş görür, bu halda da deyə bilərik ki, Türkiyə Bakıya dəstəyini əsirgəmir".
Fidan Fərhadlı