Makron İsrailə silah tədarükünü dayandırmağa çağırıb

Bölmə: Dünya › ,
Tarix: 22:55 11.10.2024

Fransa prezidenti Emmanuel Makron İsrailə silah tədarükünü dayandırmağa çağırıb. Bu barədə "İnformator.az" RİA Novosti-yə xəbər verir.

Onun sözlərinə görə, Qəzza zolağında və Livanda döyüşmək üçün istifadə edilən İsrailə silah tədarükünün dayandırılması atəşkəs üçün "yeganə rıçaq"dır.

"Fransa bu döyüş bölgələrində istifadə olunan silahların ixracına son qoymağa çağırıb", - siyasətçi deyib. Fransa lideri əlavə edib ki, bu, ölkənin məruz qaldığı təhlükələr fonunda İsrailin tərksilah edilməsinə çağırış deyil.

Bundan əvvəl Fransa prezidenti bildirib ki, Paris İsraildən hərbi əməliyyatları tez bir zamanda başa çatdırmağı tələb edir. O, həmçinin Fransanın xarici işlər naziri Jan-Noel Barroya Livan və Qəzzada gərginliyin azaldılması ilə bağlı Yaxın Şərqdə məsləhətləşmələr aparmağı tapşırıb.

Oktyabrın 1-də BMT-nin baş katibi Antonio Quterreş İsraili Livanda ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək üçün dərhal atəşi dayandırmağa çağırıb. O, “nəyin bahasına olursa olsun” genişmiqyaslı müharibədən qaçmaq lazım olduğunu vurğulayıb.