"Ermənistan tək deyil, ona dəstək olan havadarları var"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 20:51 30.10.2024
Ermənistan 2025-ci il üçün hərbi xərclərini 20% artıracaq. Bu barədə ölkənin maliyyə naziri xəbər verib.
Ermənistanın keçən ilə nisbətən hərbi xərclərini artırması nəyin hesabına baş verir?
Bu barədə "İnformator.az"a danışan politoloq Natiq Miri bildirir ki, Ermənistanın büdcəsində ciddi artım yoxdursa, hərbi sahədə büdcəsi artırsa, deməli, onlar başqa sahədə müəyyən qənaətlər edib hərbi yöndə büdcəni artırıblar:
"Yəni sosial-iqtisadi, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə qənaətlər edərək. Bundan başqa, Ermənistana edilən yardımlar, erməni diasporunun yardımları da var. Niyyət ordunu gücləndirmək, ordunun təchizatını artırmaq, müasirləşdirmək planıdırsa, demək ki, bunun büdcədə tənzimlənməsini həyata keçirənlər də var. Ermənistan bu işdə tək deyil, ona bu işdə dəstək olan havadarlar var.
Aprel ayında Brüsseldə Avropa Birliyi, ABŞ və Ermənistan arasında üçtərəfli görüşlə bağlı açığı çox az məlumat verildi. Hazırda təzahür edən görüntülər məhz bu aprel ayındakı görüşün nəticələridir. Kontekst Ermənistanın gücləndirilməsi, daha dayanıqlı olmasıdır. ABŞ-ın təhriki ilə Ermənistana Hindistanın etdiyi yardımlar, satılan silahlar və digər ölkələrdən, məsələn, Fransadan satılan silahlar, eynilə ABŞ-ın dırnaqarası Avropa Sülh Fondunun vasitəsilə Ermənistana ayrılan vəsaitlər onun hərbi büdcəsini artırmaq üçündür. Qərbin bunu etməkdə məqsədi geosiyasi plan və məqsədləridir".
Politoloq əlavə edib ki, bu gün Cənubi Qafqazda öz təsir imkanlarını artırmaq üçün ən zəif bənd olan Ermənistanı seçib:
"Ermənistan vasitəsilə istədiklərinə nail olmaq, bütün Güney Qafqaza sirayət etmək istəyir. Bunun üçün Ermənistanın gücləndirilməsinə ehtiyac duyurlar.
Bir tərəfdən bütün Cənubi Qafqaza yiyələnmək istəsələr də, bir çox problemlərlə üzləşirlər. Əsas maneələrdən biri müstəqil Azərbaycan dövlətinin siyasətidir. Digər tərəfdən, Qərbin Cənubi Qafqaza olan qapısı - Gürcüstan da əldən sürüşür. Gürcüstan bu səbəbdən Qərb üçün strateji əhəmiyyətlidir. Seçkilərdə Qərbin dəstəklədiyi qüvvələrin məğlub olması, istər saxtalaşdırılmış, istərsə də real seçki nəticəsində baş versin, nəticə budur ki, Qərbin mövqeləri silkələnməyə başlayıb. Bu da Qərbin geosiyasi maraqlarını böyük təhlükəyə atır. Ona görə də Qərb Ermənistanı gücləndirmə siyasəti yürüdür. Bu, bariz şəkildə Qərbin diktə siyasətinin məğlubiyyətidir. Bu, Fransanın siyasətinin tərkib hissəsidir. Qərbin Fransa vasitəsilə Gürcüstana qoyduğu şəxs, Zurabişvili heç bir hörmətə malik deyil, bir prezident olaraq müxalif gücləri birləşdirərək birgə parlament seçkilərinə getməyi təmin edə bilmədi. Hər bir halda fiasko - məğlubiyyət ortadadır".
Zəhra Məmmədova