Azərbaycan-Ermənistan münasibətləri yeni müstəvidə: Sülh sazişi imzalanacaq?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 12:46 31.10.2024

"Ermənistandakı Avropa İttifaqının dırnaqarası mülki missiyası faktiki olaraq regionda elə də ciddi bir iş görmür".

Bu sözləri "informator.az"a açıqlamasında politoloq Turan Rzayev söyləyib.

Onun fikrincə, Ermənistana gələn hərbçilər və kəşfiyyat orqanlarına çalışan agentlər regiondakı vəziyyəti yerində təhlil edib məxfi məlumatları tapşırıq aldıqları və xidmət etdikləri qurumlara yönəldir:

"Eyni zamanda paraleldə Rusiyanın Ermənistandakı varlığını necə aradan qaldıra biləcəkləri üzərində işlər görürlər. Bura gəlmələri üçün onlara bir vasitə lazım idi yəni bir əsas lazım idi. Bu əsasda Ermənistan- Azərbaycan münaqişəsi fonunda sərhəddə bəzi yerlər hələ qeyri-müəyyəndir.
Bu ərazidə monitorinqlər keçirərək, missiya icra etdiklərinin təəssüratını yaradırlar. Realda isə sadəcə Rusiyanın Ermənistandakı təsir gücünü qırmaq və Ermənistanın qərbi inteqrasiya prosesini bir mənalı tamamlamaq istəyirlər.
Bunun Azərbaycan-Ermənistan münasibətlərinə təsirinə gəldikdə isə rəsmi Bakı hər zaman bu məsələ ilə bağlı narahatlığını ifadə edir, hətta bunu "binokl diplomatiyası" kimi də bir ifadə ilə qeyd edir.
Bunun bir təhdid yaratdığını düşünmürəm. Amma sərhədimizdə regionun kənar qüvvələrinin olması narahatlıq yaradır".

Ermənistan-Azərbaycan  münasibətlərinə təsirinə gəldikdə isə politoloq əlavə edir ki, Kazan görüşlərində faktiki olaraq Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın çox pozitiv və sülhə inam yaradacaq görüntülərinin şahidi olduq:

"Məhz bu görüş sonrası yenə Ermənistan nümayəndələrin Cop 29 qatılmasına dairdə pozitiv mesajlar gəlir. Paşinyan özü COP29-da  iştirak etməsə də, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ya başqa erməni nümayəndələr burda iştirak edəcək. Bu çox müsbət hadisədir.
Bakıda COP29 çərçivəsində Ermənistan və Azərbaycan nümayəndələrinin birbaşa təmasları ola bilər ki, bütün bunlar sülh prosesi baxımından olduqca müsbət hadisələrdir. Hər iki dövlət başçısı sərhədlərin delimitasiyası və demarkasiyası komissiyalarının əsasnaməsini təsdiqlədi.
Bir balaca durğunluq olan kimi neqativliyə qapılırıq ki, sülh bitdi, problemlər yaranacaq. 30 il ərzinə baxmaq lazımdır, geridə qoyduğumuz 30 illik münaqişə tarixində bu son 5 il ərzində əldə etdiyimiz nailiyyətlərin heç biri olmayıb. "Status" qüvvəsinin saxlanılması, daha sonra keçmiş
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərləri nəticəsiz danışıqlar idi.
Amma beş il ərzində 50 ilə yaxın bir məsafə qət etdik və Ermənistanla sülhə çox yaxınıq. 80%-lik sülh sənədi var, bunu ilkin sülh sənədi kimi də qiymətləndirə bilərik".

Turan Rzayev vurğulayır ki, COP29 zamanı erməni nümayəndələri gəlsə, o zaman bu məsələlər həll edilə bilər:

"Həlli fonunda biz ikili münasibətilərin qurulması və növbəti etabda yekun sülh müqaviləsinin doğru daha detalı danışıqların şahidi ola bilərik.
İndiki danışıqlar fonunda və liderlərin Kazandakı görüşü fonunda Avropa İttifaqının dırnaqarası sülh missiyası fəaliyyəti detalının ümumi proseslərə təsir edəcəyini  düşünmürəm. Bu, narahatlıq yaradacaq, amma Ermənistan tərəfi sülhü bu kontekstdə davam edər, manipulyasiya etməz. Kənar qüvvələrin təsiri ilə prosesdən yayınma cəhdləri etməzsə, nəticəsi olacaq".

Fidan Fərhadlı