Dünyanın gözləri Amerikada: ABŞ-da seçki nəticələri nələri dəyişəcək?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 08:39 04.11.2024
5 noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı ölkə daxilində gərginlik hiss olunur. Seçkilərin nəticələri ölkə daxilində və beynəlxalq münasibətlərdə hansı təsirləri yarada bilər?
Bu barədə "İnformator.az"a danışan politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkiləri dünyada siyasi proseslərə ciddi təsir edən əsas hadisələrdən biridir:
"Bütün dünya hazırda bu marafonun nəticələrini gözləməkdədir, çünki bu seçkinin nəticələri dünyada cərəyan edən hadisələrin gedişatına aydınlıq gətirəcək. Nəzərə almaq lazımdır ki, namizədlərdən biri prezident Co Baydenin administrasiyasında vitse-prezident olan Kamala Harris, hakimiyyətə gələcəyi təqdirdə Bayden administrasiyasının 4 illik siyasətinin davamı olacaq. Dünyada bu administrasiya dönəmində başlamış Rusiya-Ukrayna, İsrail-Həmas, İsrail-Hizbullah savaşları və son 4 ildə baş verən ciddi gərginliklər davam edəcək, deyə bilərik. Çünki Kamala Harrisin mənsub olduğu komanda bu siyasəti kardinal şəkildə dəyişməyəcək. Bu seçkinin nəticələri dünyada yeni nizamın qurulmasına təsir edəcək. Kamala Harrisin hakimiyyətə gələcəyi təqdirdə ABŞ dünyadakı proseslərə bu və ya digər şəkildə aktiv müdaxilə etməyə çalışacaq ki, bu da qlobal olaraq şimal və cənub arasında gərginliyi daha da artıracaq. Və bu siyasətin davamı qlobal müharibə riskini də özü ilə gətirə bilər".
Politoloqun sözlərinə görə, Tramp sistemdən kənar bir namizəd olaraq dünyadakı proseslərə təsir edə biləcək:
"Ancaq Harris və Tramp arasında fərq ondan ibarətdir ki, Tramp daha çox daxilə yönəlik siyasət yürütmək tərəfdarıdır; yəni miqrantların ABŞ-a gəlməsinin qarşısını almaq, ABŞ-ın potensialını daha çox daxilə yönəldərək iqtisadi inkişafı sürətləndirmək kimi məsələlər əsas yer tutacaq. Trampın keçmiş hakimiyyəti dövründə həm Avropa İttifaqı , həm də NATO ilə müəyyən problemlər yaşadığını gördük. Trampın hakimiyyətində İran siyasətinin sərtləşməsi də mümkündür; biz bunu onun əvvəlki hakimiyyəti dövründə gördük. Bütün hallarda bu seçkinin nəticələri həm dünyadakı proseslərə, həm də Amerikanın daxili vəziyyətinə ciddi təsir edəcək. Faktiki olaraq hazırda Amerika cəmiyyəti ikiyə bölünmüş vəziyyətdədir. Seçki marafonunda kifayət qədər sərt və bir çox hallarda namizədlərin bir-birini təhqir etmə üslubu ilə keçirilir ki, bu da gərginliyi davamlı şəkildə artırır".
Zəhra Məmmədova