Regionda Azərbaycanın turizm sektorunda rolu

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:25 15.11.2024

Turizmin inkişafı yeni iş yerlərinin açılması, valyuta axını və regional inkişaf üçün geniş imkanlar yaradır. 

 

Bəs Azərbaycanda turizm sektoru son illərdə ölkənin iqtisadiyyatında necə rol oynayır?

 

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli "informator.az"a açıqlamasında 2020-ci ildən sonra Azərbaycanda sərhədlərin bağlanması ilə ölkə daxilində turizm sektoruna çox böyük zərbə dəydiyini bildirib:

 

"Demək olar ki, ölkədə turizm sektoru çöküb. Bunun ardınca dini turizm sektoruna müəyyən dəstəklər verildi, müəyyən işlər görüldü. Amma hələ də ölkədə quru sərhədlər bağlıdır. Təyyarə biletləri bahadır. Belə bir şəraitdə Cənubi Qafqaz ölkələri arasında ən az turizm payı olan ölkə Azərbaycandır.

Qeyd edim ki, 1-ci yerdə Gürcüstan, 2-ci yerdə isə Ermənistandır. Bu gün ölkədə turizm sektorunun inkişafını boğan əsas məsələ ölkənin quru sərhədlərinin bağlı olmasıdır. Cənubi Qafqazda ən çox turizm cəlb edən ölkə Gürcüstandır. Bu həm onun təbiəti, həm abidələri cəlbedici turizm sektoru üçün əhəmiyyət kəsb edir. Bu ölkədə turizmin inkişafına dövlət dəstək verir. Həmişə Gürcüstandan sonra ikinci yerdə turizm cəlbetmə qabiliyyətinə görə Azərbaycan gəlirdi. Amma sərhədlər bağlı olandan sonra artıq Azərbaycan üçüncü yerə düşdü. Həmişə Gürcüstana gələn turistlər mütləq Azərbaycana da səfər edirlər. Yəni Azərbaycan Ermənistana nisbətən daha cəlbedicidir.

Azərbaycan quru sərhədləri bağladığına görə gediş- gəliş bahalaşıb. Gürcüstana gələn turistlərin bir hissəsi artıq Azərbaycana deyil, Ermənistana üz tutur. Ona görə də ölkə daxilində turizm demək olar ki, iflas şəraitindədir".

 

Ekspertin sözlərinə görə, bu sahədə də çox ciddi inhisarçılıq var:

 

"Yəni 2020-ci ilə qədər Azərbaycan turizm sektorunda keyfiyyətin aşağı olması və qiymətin baha olması müşahidə edilirdi. Bu da birbaşa inhisarçılıqla bağlı olan məsələdir. Bu gün həm inhisarçılığı aradan qaldırılmaması, həm quru sərhədlərin bağlı olması bir əngəl olaraq turizm sektorunun qarşısında durub".

 

"Bu gün Azərbaycanın turizm sektoru demək olar ki, valyuta gətirmir. Ona görə ki, xaricdən turist kimi Azərbaycana gələn demək olar ki, yoxdur. Azərbaycanda yalnız hər hansı bir məqsədlər üçün vacib işi olan adamlar gəlir. Əslində, Azərbaycana turist kimi qeydiyyatdan keçənlərin 90 %-i turist deyil. Bunlar müəyyən işlə bağlı, xaricdə yaşayan azərbaycanlılardır. Yerdə qalan 10% ola bilsin ki, elitar təbəqədi və onun üçün yol xərcləri əhəmiyyət kəsb etmir. Onlar turist kimi gələ bilirlər. Çox təəssüf ki, bu da çox az miqdardadır",-deyə o, sözlərini yekunlaşdırıb. 

 

Elnurə Kərimova