Qarabağda yenidənqurma işsizliyin azalmasına səbəb olacaq?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:14 22.11.2024

Qarabağda genişmiqyaslı yenidənqurma işləri və yeni iş yerlərinin yaradılması davam edir. İnfrastrukturun bərpası, sənaye və turizm sektorlarının inkişafı bölgənin iqtisadi canlanmasına və məskunlaşmaya töhfə verir.

Qarabağda yeni iş yerlərinin yaradılması Azərbaycanda işsizlik səviyyəsini azaldacaq?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "informator.az"a açıqlamasında bildirib ki,  hazırkı vəziyyətdə iş yerlərinin əksəriyyəti Bakı və Abşeron yarımadasında cəmləşib:

"Biz yeni iş yerləri yarada bilsəydik, bunları Masallı, Lənkəran, Quba kimi bölgələrdə həyata keçirə bilərdik. Həmçinin, Gəncə və Sumqayıt şəhərlərində də bu istiqamətdə fəaliyyətlər mümkündür. Amma Bakıda əməkhaqları, işləyən şəxslərin sayı və yaradılan dəyərin əhəmiyyətli hissəsi xüsusilə özəl sektorda diqqət çəkir. Bakı və Abşeron yarımadasında dövlət orqanları, məktəblər, sosial infrastruktur, səhiyyə, təhsil və mədəniyyət qurumları kimi dövlət büdcəsindən maliyyələşən təşkilatlar üstünlük təşkil edir".

Xalid Kərimlinin sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdəki qurumların fəaliyyət sahələrinin genişlənməsi gözlənilir:

"Əvvəllər ştat sayı az idi, lakin indi işğaldan azad edilmiş rayonlarda genişlənmə baş verə bilər. İş yerlərinin yaradılması potensialı bu məsələdə əsas diqqət özəl sektorun bölgələrdə iş yerləri yarada bilməsinə bağlıdır. Bunun üçün həm yaradılmış şərait, həm də bir neçə istiqamətdə fəaliyyət imkanları nəzərdən keçirilməlidir:

1. Sənaye və filiz yataqları:
Zəngilan, Kəlbəcər və Ağdərə kimi rayonlarda yerləşən filiz yataqları əsasən sənaye müəssisələrinin qurulması üçün perspektivlər yaradır. Bu sahədə iş yerlərinin açılması mümkündür.

2. Turizm sektoru:
Regionlarda otellər və turizm obyektlərinin yaradılması iş yerlərinin artımını təmin edə bilər. Bu, həmin ərazilərin iqtisadi inkişafına da töhfə verər.

3. Özəl sektorun inkişafı:
Azərbaycan regionlarında infrastruktur layihələrinin dəstəklənməsi, insanların məskunlaşma problemlərinin həlli iş yerlərinin açılmasını sürətləndirə bilər".

Mütəxəssisin fikrincə, bölgələrdə iş yerlərinin yaradılması üçün həm dövlət, həm də özəl sektorun birgə fəaliyyəti tələb olunur:

"Azərbaycanın müxtəlif rayonlarında infrastrukturun inkişaf etdirilməsi və məskunlaşma şəraitinin yaxşılaşdırılması bu istiqamətdə əsas amillərdən biridir", - deyə ekspert fikirlərini tamamlayıb.

Nərgiz Orucova