"ABŞ-da dəyişən hakimiyyət Ukrayna məsələsini ciddi şəkildə köklü dəyişə bilməz"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:27 22.11.2024

Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyərək, Rusiya və Belarusun suverenliyini və ya ərazi bütövlüyünü təhdid edən ənənəvi hücumlara qarşı nüvə silahı tətbiq etməyi nəzərdə tutan mexanizmləri rəsmiləşdirib. Bu dəyişikliklər həmçinin NATO və ABŞ-ın Ukrayna müharibəsinə daha dərindən müdaxiləsinə qarşı ciddi xəbərdarlıq kimi qəbul olunur.

Rusiya Prezidenti Vladimir Putin nüvə doktrinasını tətbiq edəcəkmi? Rusiya və Ukrayna müharibəsinin gedişatını nə gözləyir?

Mövzunu "İnformator.az"a şərh edən politoloq Fuad Həsənov Rusiyanın bəyanatlarını çox da real gücü olmayan bəyanatlar kimi dəyərləndirir:

"Münaqişənin gedişatında nüvə silahlarından istifadə edilmə ehtimalı barədə müzakirələr daha çox Qərbin reaksiyasını yoxlamaq və təzyiq vasitəsi kimi görünür. Praktik istifadəsi çox az ehtimallıdır. Nüvə müharibəsi Rusiyanın daxilində iqtisadi və ictimai sabitliyi ciddi şəkildə poza bilər. ABŞ və NATO açıq şəkildə bəyan edib ki, nüvə silahından istifadə olunarsa, buna hərbi və iqtisadi cavab veriləcək.
ABŞ-da dəyişən hakimiyyət — demokratları respublikaçıların əvəz etməsi  Ukrayna məsələsini ciddi şəkildə köklü dəyişə bilməz. Qərbin, hər halda, Rusiya ilə bağlı planları var. Bunu biz prosesləri müşahidə edib görəcəyik. Müharibə yaxın gələcəkdə həll olunmayacaq. Çünki hər iki tərəf geniş dəstək alır. Müharibənin uzanması ola bilər ki, tərəfləri diplomatik danışıqlara məcbur etsin. Lakin tərəflər hazırda kompromisə meyilli görünmürlər. Gərginlik davam etdikcə, regional və qlobal siyasətə təsiri daha da güclənəcək".

Zəhra Məmmədova