"Tayvan problemi qlobal müharibəyə səbəb ola bilər"-Politoloq RƏYİ
Bölmə: Siyasət › ,Tarix: 19:41 23.11.2024
"Tayvan məsələsi Çin Xalq Respublikası (ÇXR) və Tayvan arasında suverenlik, siyasi statusla bağlı mübahisəyə aiddir. Bu məsələ təkcə iki tərəfi deyil, həm də ABŞ, Yaponiya və digər regional gücləri əhatə edən beynəlxalq ölçüyə malikdir".
Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, Tayvan problemi müasir dövrün ən ciddi problemlərindən biridir:
"Tayvan ll Dünya savaşından sonra Çindən ayrılıb. Artıq uzun müddət məhz Çinin qanuni hakimiyyəti burada fəaliyyət göstərdiyinə görə BMT-də Tayvan rəsmi Çin olaraq qəbul olunub. Lakin 70-ci illərdən sonra bu vəziyyət dəyişib. Amma hələ də Tayvan beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınmamış bir subyektdir. Amerika Birləşmiş Ştatları müttəfiqləri ilə birgə Çinin ərazi bütövlüyünü dəstəkləsə də, Tayvanın Çinə birləşməsi məsələsində fərqli mövqedədir. Hazırda Tayvan ABŞ-nin Uzaq Şərqdəki üç əsas tərəfdaşı arasında yer alır".
Bundan əlavə, politoloq Çinin son dövrlərdə Tayvan boğazında genişmiqyaslı hərbi təlimlər keçirməyə başladığı qeyd edib:
"Bunun Amerika tərəfindən kəskin şəkildə pislənməsi, bu bölgənin partlamağa hazır bir barıt çəlləyinə bənzədilməsidir. Əgər Çin Tayvanı öz ərazisinə qatmaq üçün hərbi əməliyyatlara başlasa, bunun qlobal bir müharibəyə səbəb ola biləcəyi də göz qabağındadır. Beynəlxalq hüquq və təşkilatlar çərçivəsində Tayvan məsələsi hələ də açıq qalır və Çinin bu məsələdə konkret bir addım atması ehtimalı yüksəkdir. Çin öz hərbi qüvvələrini modernləşdirib və gələcəkdə bu məsələni güc tətbiq etmədən həll etməyə çalışacaq. Təbii ki, beynəlxalq şərtlər uyğun olduğu zaman Çinin Tayvanı ilhaq etməyə çalışacağına inanırıq",-deyə o, fikirlərini yekunlaşdırıb.
Xanım Ağamalıyeva